AZ

Azərbaycan reallığı spesifikdir - Emin Əmrullayev 

"Beynəlxalq modellərin Azərbaycan reallığında təhlili maraqlı bir yanaşmadır. Bu tip tədqiqatlar adətən, ölkənin təhsil sistemi ilə beynəlxalq standartlar arasındakı boşluqları və uyğunluqları aşkara çıxarır”.

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan məktəbi" jurnalının yüzilliyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, bu işlər həm metodologiyanın mürəkkəbliyi, həm də mövcud tədqiqat imkanlarının məhdudluğu səbəbindən kifayət qədər ağır proses ola bilər:

“Azərbaycan kontekstində bu cür tədqiqatların uğurla aparılması üçün bir neçə vacib addım nəzərdə tutulmalıdır. Beynəlxalq modellərin uğurlu tətbiqi üçün ilk addım onların hansı şərtlərdə formalaşdığını və işlədiyini dərk etməkdir. Məsələn, İtaliya təhsil sisteminə xas xüsusiyyətlər üzərində qurulan modeli Azərbaycan reallığına tətbiq etmədən əvvəl ölkənin təhsil sisteminin güclü və zəif tərəflərini dərin analiz etmək lazımdır”.

 

Nazir milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyinə də toxunub:

 

“Hər hansı beynəlxalq modelin olduğu kimi tətbiqi faydasız ola bilər, çünki Azərbaycan reallığı spesifikdir. Milli xüsusiyyətlər, o cümlədən dil, mədəniyyət, sosial-iqtisadi vəziyyət və regionlararası fərqliliklər nəzərə alınmalıdır. Bunun üçün əvvəlcə yerli tədqiqatlarla geniş məlumat bazası yaratmaq lazımdır. Beynəlxalq modelləri milli reallıqla müqayisə etmək üçün xüsusi metodologiya hazırlamaq lazımdır. Bu metodologiya həm nəzəri, həm də praktik fərqləri və uyğunluqları əhatə etməlidir. Bununla yanaşı, beynəlxalq tədqiqatlarda toplanan məlumatların milli kontekstə uyğun şəkildə interpretasiyası təmin edilməlidir. Beləliklə, ayrı-ayrı insanların rəyindən əsaslı tədqiqatlara doğru addımlamaq mümkün olacaq”.

 

Emin Əmrullayev qeyd edib ki, ayrı- ayrı insanların rəyləri deyil, əsaslı tədqiqatlar görmək istəyirlər: “Çünki təhsilalanların taleyinə təsir edən qərarları kimlərinsə fikirləri ilə qəbul etmək mümkün deyil. Bizim belə bir fikrimiz də yoxdur. Məsələn, şagirdlərin yaş xüsusiyyətlərinə görə qavrama bacarıqları ilə bağlı tədqiqatlar demək olar ki, yox dərəcəsindədir”.

Seçilən
15
8
modern.az

10Mənbələr