AZ

Poliklinikalarda peyvənd otaqları təkmilləşdirilib

İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrində vaksinlərin etibarlı saxlanılması məqsədilə peyvənd otaqları təkmilləşdirilib, “soyuq zəncir” sistemi daha da gücləndirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan və uşaqlara tibbi xidmət göstərən 48 tibb müəssisəsində vaksinlərin düzgün qaydada saxlanılması üçün yeni avadanlıqlar alınaraq “soyuq zəncir” sistemi tam qurulub. Bu avadanlıqlarla işləmək üçün mütəxəssislər də xüsusi təlimlərə cəlb olunub.

Paytaxt Bakı üzrə uşaqlara tibbi xidmət göstərən bütün tibb müəssisələrində peyvəndlərin və digər peyvənd materiallarının tələblərə uyğun qorunub saxlanılması tam təmin olunub.

Peyvəndlərin saxlanıldığı yerlərdə havalandırma sistemi, temperatura nəzarət üçün termometr mövcuddur və peyvəndlərin vurulması xüsusi ixtisaslı tibb bacıları tərəfindən icra olunur.

Bundan əlavə, yoluxucu xəstəliklərə qarşı tibbi xidmətin yaxşılaşdırılması məqsədilə sözügedən müəssisələrdə komissiyalar yaradılıb. Bu komissiyalar peyvəndə əks göstəriş hallarının təhlilini aparır, peyvəndlərin aylıq planlanmasına və həyata keçirilməsinə nəzarət edir.

Peyvəndlərin saxlanması qaydalarına aydınlıq gətirən Bakı Baş Səhiyyə Mərkəzinin Pediatrik xidmətlərin təşkili şöbəsinin böyük mütəxəssisi Rahilə Əsgərovanın sözlərinə görə, komissiyaların nəzarəti altında artıq bütün peyvənd otaqlarında “soyuq zəncir” sistemi tam təmin olunur:

“İmmunobioloji preparatların saxlanılması üçün peyvənd otaqlarında “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi məqsədi ilə yeni soyuducuların alınması və sıradan çıxan soyuducu avadanlıqların dəyişdirilməsinə kimi bir sıra təkmilləşmə işləri aparılıb. Uşaqların zamanında peyvənd olunması bizim prioritetlərdən biridir. Peyvənd istehsal olunandan vurulma anına qədər saxlanılma qaydasına daimi nəzarət var. Yəni, yeni yaradılan komissiyaların nəzarəti altında bütün bu qaydalara ciddi əməl olunur”.

Qeyd edək ki, peyvəndlər uşaqları infeksion xəstəliklərdən qoruyan yeganə vasitədir. Onlar xüsusi texnologiya ilə hazırlanır və xəstəliklərə qarşı orqanizmdə immunitet yaradır.

Azərbaycana gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına cavab verir.

Elnur Hidayətoğlu

visiontv.az



Seçilən
441
7
visiontv.az

10Mənbələr