AZ

Televiziyaların kontenti harada və necə saxlanılır?

TV kanallar hər gün xeyli video məzmun istehsal edirlər. Əlbəttə, maraqlı və faydalı, ictimai əhəmiyyət kəsb edən kontentlə bərabər , sıradan hesab olunacaqlar da var.
Amma istənilən halda bu kontent, canlı yayım və arxiv Azərbaycan məhsuludur, böyük xərc bahasına başa gəlir və onun əlçatan olması, ondan dayanıqlı və effektiv istifadəyə, xüsusən də onlayn mühitdə istifadəyə imkanlar yaradılması çox vacibdir.
Görəsən TV-lərin video kontenti harada saxlanır?
Mediatrends olaraq ölkə daxili və ölkə xaricində media monitorinq xidmətləri təqdim edərkən yerli TV kanalların video kontentinin arxiv problemi ilə üzləşirik .
TV-lərin saytları üzərindən qısa bir araşdırma ilə müəyyən etmək olur ki, bizdə bu istiqamətdə ciddi problemlər var .
Maraqlıdır ki, AzTV-dən başqa TV- lərin hamısının arxivi əsasən YouTube üzərindədir.
Yalnız AzTV canlı yayımı və verilişləri yerli hostinqdə 8 gün müddətində arxivləşdirir.
Xeyli maraqlı və ictimai əhəmiyyət kəsb edən kontenti olmasına baxmayaraq, büdcədən maliyyələşən İTV hələ də özünün köntenti üçün yerli bir arxiv formalaşdıra bilməyib.Əsasən YouTube-dən istifadə olunur.
Qonşu ölkələrin təcrübəsinə diqqət yetirdikdə isə görmək olur ki video kontent həm də ölkə daxilində milli bir hostda toplanır. Son zamanlar, görünür ki geopolitik proseslərlə bağlı bu tendensiyanın hədsiz gücləndiyi müşahidə olunur. Canlı yayımların da bir qorunan hostdan yayımlanmasına diqqət yetirilir.
Əlbəttə, YouTube TV-lər üçün cəlbedicidir, geniş auditoriya imkanları təqdim edir, paylaşımlar, istifadəçi cəlb etmək və monetizasiya vasitəsilə gəlir də əldə etmək mümkündür. Daha çox baxış daha çox reklam gəliri deməkdir.
Eyni zamanda bu kontenti özəl serverlərdə, yaxud özlərində arxivləşdirmək yüksək maliyyə tələb edir, idarəetmə xərcləri də var.
Lakin bütün arxivin yalnız YouTube-də saxlanılması da ciddi risklər yaradır.
TV -lər kontent üzərundə müstəqilliyi itirirlər. Platforma qaydalarına uyğun olmayan kontent, şikayət olunan kontent silinə bilir və ya kanal bloklana bilər, onların öz məxfilik və reklam qaydaları var. Əgər YouTube platformasında texniki problemlər və ya qlobal məhdudiyyətlər , yaxud da müəyyən səbəblərdən ölkədaxili bloklanma olarsa, arxivə çıxış dayanıla bilər.
İkinci Qarabağ Savaşı zamanı biz bunun şahidi olmuşduq.
Düşünürəm ki, indiki zamanda ölkənin bütöv video məzmunun ancaq xarici bir resursda yerləşdirilməsi informasiya sahəsində milli maraqlarımıza uyğun deyil.
Fikrimcə milli video kontentin saxlanılması ilə bağlı hibrid modelin tətbiqi, yəni bütün ölkə üzrə TV arxivin həm də milli hostinq üzərində saxlanılması daha doğru olardı.
Xüsusilə də, milli informasiya resursları üzərində müstəqillik və asılılıq balansını qorumaq dünyanın indiki zamanında daha çox vacibdir.
Azərbaycanda daha çox könüllülük prinsipləri ilə fəaliyyət göstərən Yoda plaftorması TV-lərin kontentini bir arada cəmləməklə bu boşluğu doldurmağa çalışıb. Amma hiss olunur ki bu özəl resursun dayanıqlıq və əlçatanlıq problemləri var.
Maraqlıdır ki, digər xarici resurslar, Megogo və digərləri bizim bazarda yetərincə pul qazanırlar, amma özümüz dayanıqlı və güclü bir platforma ortaya çıxara bilmirik.
Düşünürəm ki, TV -lər öz biznes modellərinə və texniki imkanlarına uyğun kontentin arxivləşməsinə diqqət yetirməlidirlər.
YouTube-yə ölkədən verilən reklamların çox cüzi hissəsi TV kanallara çatır. Bu reklamların ölkədaxili bir platformadan olması TV-lər üçün daha böyük gəlirlər gətirə bilər və ölkə üçün də faydalı olar .
Audiovizual Şura, TV kanallar və "Rəqəmsal və audiovizual yayım sənayesi" qurumu , dünyanın indiki düzənində TV -lər üçün milli hostinq yaradılması istiqamətində səylərini gücləndirməlidirlər.
Bir daha vurğulamaq istərdim ki, AzTV-nin canlı yayımı və 8 günlük kontenti arxivləşdirərək və onlayn resurs üzərindən asan əldə etmək imkanı yaratması çox təqdirə layiqdir.
Osman Gündüz, İKT üzrə ekspert
Seçilən
19
news365.az

1Mənbələr