AZ

“Media Savadlılığı” Konfransı keçirilir

"Media Savadlılığı" Həftəsi çərçivəsində müxtəlif qurumların rəsmilərinin, sahə üzrə yerli və xarici ekspertlərin və 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gəncinin iştirakı ilə "Media Savadlılığı" Konfransı keçirilir.

Olaylar xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının və effektiv kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin intensivləşməsi ilə yanaşı, paytaxt Bakının müstəqillik tariximizin ən böyük, qlobal miqyaslı tədbirinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisi olub.

"Azərbaycanın dinamik ictimai mühiti, dövlətimizin dünyanın diqqət mərkəzinə çevrilməsi ilk növbədə Azərbaycan mediasının fəaliyyətinə ciddi təsir göstərmiş, onun tək ölkə daxilində deyil, eyni zamanda beynəlxalq media gündəminin formalaşdırılmasında peşəkar fəallığını artırması üçün ciddi informasiya əsası yaradıb.

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrin həyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyət götürməsinin növbəti təzahürü idi.

BMT tərəfindən dünyanın bir nömrəli qlobal problemi hesab edilən iqlim dəyişikliklərinə həsr olunmuş COP29-un effektiv işıqlandırılması, onun mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin dolğun məlumatlandırılması baxımından səmərəli media və kommunikasiya mexanizminin qurulması ictimai rəyin düzgün formalaşdırılması üçün müstəsna əhəmiyyət daşıyırdı.

Apardığımız təhlillər göstərir ki, Azərbaycanın bütün media subyektləri müstəqillik tariximizin ən böyük tədbiri zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş, həm yerli, həm də xarici auditoriyanın informasiya ilə təmin edilməsində səylərini əsirgəməyiblər.

Fürsətdən istifadə edərək, COP29 zamanı peşəkar fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirmiş jurnalistlərimizi bir daha təbrik edir, təşəkkürümüzü bildiririk!",- deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
5
olaylar.az

9Mənbələr