1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsu saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti (YPX) Alayının əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtobus idarə edən sürücü ifşa olunub. Belə ki, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən Gəncə şəhər sakini Mehman Məmmədovun idarə etdiyi avtobus 9-cu taqımın əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.
"Fakt təsdiqini tapdığı üçün sərnişinlərin gedişi təmin edilməklə sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, Mehman Məmmədov sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhdid yaradan belə hallara qarşı ən kəsərli tədbirlərin görüləcəyini bildirir və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları çalışdıqları sahədə daha da məsuliyyətli olmağa çağırır", - məlumatda vurğulanır.