AZ

Kremllə gizli danışıqlar: İki ərazi ruslarda qalacaq, Əsəd isə…

Suriyada Bəşər Əsəd rejimini devirib hökumətə nəzarəti ələ keçirən “Heyət Təhrir əş-Şam”la Rusiya arasında gizli danışıqlar başlayıb.

Turkustan.az xəbər verir ki, bu iddia ilə “The Economist” çıxış edib.

Nəşr yazır ki, danışıqlar ideoloji əsaslarla deyil, hər iki tərəfin maraqlarına uyğun aparılır. Məlumata görə, HTŞ Rusiyanın Suriyadakı bəzi bazalarının fəaliyyətini davam etdirməsinə icazə verib. Xüsusilə Tartus limanının Kremlin nəzarətində qalacağı deyilir. Bununla yanaşı, Hmeymimdəki rus bazası da saxlanılacaq.

“The Economist” iddia edir ki, HTŞ rəhbərliyi bütün bunların qarşılığında Rusiyadan humanitar yardım istəyib. Moskvanın da tələblə razılaşdığı qeyd olunur. Lakin qruplaşmanın bununla kifayətlənmədiyi, yeni hökumət qurulduqdan sonra Rusiya ilə müxtəlif istiqamətlərdə əlaqələr yaratmağı hədəflədiyi bildirilir.

HTŞ-dən adı açıqlanmayan mənbə danışıqların hələ yeni başladığını deyib:

“Hazırda müzakirələrin ilk mərhələsindəyik. İnsanlar yeni bir həyat qurmaq istəyirlər. Əlaqələri bərpa etməyə məcburuq, ölkə ölü vəziyyətdədir, insanlar yoxsuldur. Suriyalılar arasında Rusiyaya qarşı nifrət olsa da, bizim intiqam almaq niyyətimiz yoxdur”.

HTŞ rəsmisi həmçinin eks-prezident Bəşər Əsədin Dəməşqə təhvilinin istənilmədiyini də bildirib./globalinfo.az/

Seçilən
30
turkustan.az

1Mənbələr