Bakı, 17 dekabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev rəhbərlik etdiyi qurumun 2024-cü ildə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Zaur Əliyev Azərbaycanda ölkə rəhbərliyinin səhiyyə sahəsinə diqqət və qayğısını xüsusilə vurğulayıb: “Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində tibbi xidmətlərin keyfiyyəti və əhalinin sağlamlıq göstəriciləri yüksəlməkdədir”.
Agentliyin İdarə Heyətinin sədri 2024-cü ilin 11 ayı üzrə tibbi xidmətlərə edilən müraciətlərin 9 faiz artaraq 22 milyonu keçdiyini bildirib. O, xidmət sayının isə ötən illə müqayisədə 20 faiz artaraq 76.8 milyona çatdığını qeyd edib. Z.Əliyev bildirib ki, bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Z.Əliyev qeyd edib ki, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 179-a çatıb. Həmçinin özəl tibb müəssisələrində əməliyyat və prosedur sayı 30 faiz artaraq 167 mini ötüb. O vurğulayıb ki, özəl tibb müəssisələri də vətəndaşların icbari tibbi sığorta hesabına tibbi xidmətlərdən yararlanmasında mühüm rol oynayır.
Müraciətlərin əsas hissəsini qan dövranı, endokrin və tənəffüs sistemi xəstəlikləri təşkil edib. Ən çox müraciətlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Abşeron inzibati ərazi üzrə qeydə alınıb.
Dərman vasitələrinin təminatı ilə bağlı yeni təşəbbüslərdən danışan Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, ilk mərhələdə ürək-damar xəstəlikləri, daha sonra həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman təminatı mərhələli şəkildə həyata keçiriləcək. Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Sosial rifahın yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Z.Əliyev tibb heyətinin gəlirlərinin icbari tibbi sığortadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib.
Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə dair əhalinin məmnunluq və məlumatlılıq səviyyəsinin ölçülməsi barədə keçirilən sosioloji sorğulara toxunan İdarə Heyətinin sədri bildirib ki, sorğu nəticələri əhalinin 100 faizə yaxınının icbari tibbi sığorta haqqında, 47 faizinin isə Xidmətlər Zərfi haqqında məlumata sahib olduğunu göstərir. Ən çox məmnunluq ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb. Ümumilikdə, sığorta çərçivəsində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 59 faizdir.
Sədr əlavə edib ki, 2020-ci ildən bu yana icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135.5 milyon manatdan çox gəlir əldə edilib. 2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir. O xüsusi vurğulayıb ki, investisiyalardan əldə olunan gəlir sığortaolunanlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur.