Bakı, 17 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ABŞ-da keçirilən "MarCom Awards" beynəlxalq müsabiqəsində mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqənin “Əmək münasibətlərində görkəmli animasiyalar” kateqoriyasının “Rəqəmsal videonun yaradılmasında mükəmməllik” altkateqoriyasının “2024-cü ilin platinum mükafatçısı” nominasiyası üzrə qalib gəlib.
Maarifləndirici animasiyalar və qrafik videoçarxlar münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və Dövlət Əmək Müfəttişliyi Xidməti “Platinum” ali mükafatı ilə təltif olunub.
Müsabiqəyə Azərbaycanla yanaşı, ABŞ, Kanada, Portuqaliya, Çin, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Böyük Britaniya və digər ölkələrdən 1500-dən çox layihə təqdim edilib.