AZ

“Karvan” və “İmişli” büdrədi, “Qəbələ” liderliyini möhkəmlətdi - ŞƏRH

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 9-cu tur geridə qaldı. Dekabrın 11-13-ü aralığında keçirilən matçların əksəriyyəti təəccüblü nəticələrlə yekunlaşdı.

“Qəbələ” – “Cəbrayıl” matçından başqa qalanları elə hesabla sona çatdı ki, futbolun proqnozları sevmədiyinə bir daha əmin olduq. İlk matçda “doğma divarlar” arasında meydana çıxan “Qaradağ Lökbatan” MOİK-i darmadağın etdi. Autsayderin böyükhesablı qələbəsi sonuncu pillədən xilas olmasına, “hərbçilər”in xal ehtiyatını artırmaq arzusunun “dəfn edilməsinə” səbəb oldu.

Növbəti görüşdə “Baku Sportinq” “Difai” önündə “ağ bayraq qaldırdı”. Paytaxt təmsilçisi nəinki fərqlənə bildi, iki qol buraxmaqla ağsuluların iki pillə irəliləməsinə şərait yaratdı. Halbuki bakılılar son üç oyunda vacib qələbə qazanmışdı…
Dünən keçirilən oyunlara gəlincə, “Karvan”ı qəbul edən “Zaqatala” iddialı rəqibini son dəqiqədə penaltidən vurduğu qol sayəsində büdrətdi. Düzdü, meydan sahibləri mövsümə uğurlu başlayan komandalar sırasındadı. Lakin Yevlax təmsilçisinin iki aparıcı futbolçusunun – Bəhruz Teymurovla Müfiq Teymurovun xidmətindən məhrum olması dab u nəticədə ciddi rol oynadı. Görünür, Kənan Kərimov həmin oyunçuların yerini doldurmaqda çətinlik çəkir və hadisələrin axarı işin daha çətin olacağına işarədi.

Çempionluğa iddialı daha bir komandanın – “İmişli”nin də xal itirdiyini bildirək. Bu komanda autsayderin, yəni “Mingəçevir”in meydanından qolsuz “sülh”lə ayrıldı. Göründüyü kimi, tur güclülərdən yalnız “Qəbələ” üçün uğurlu alındı. Evdə “Cəbrayıl”ı sınağa çəkən “qırmızı-qaralar” rəqibinin qapısından iki top keçirməklə liderliyini möhkəmlətdi.

Düzdü, qarabağlılar 75-ci dəqiqədə azlıqda qaldı. Lakin matçın taleyini məhz bu məqamın həll etdiyini demək doğru olmaz. Əsas məqamlardan biri isə “Qəbələ”nin bu dəfə də qol buraxmamasıdı. İndi “qırımızı-qaralar” ən yaxın izləyicisi “Karvan”ı 4 xal qabaqlayır! Yeri gəlmişkən, “Baku Sportinq”in matçını cəmi 30, “Mingəçevir”in oyununu isə 400 tamaşaçı izləyib.

1. Qəbələ 9 7 2 0 16-0 23
2. Karvan 9 6 1 2 20-12 19
3. İmişli 9 5 2 2 18-7 17
4. Cəbrayıl 9 4 1 4 10-8 13
5. Baku Sportinq 9 4 1 4 10-14 13
6. Zaqatala 9 3 3 3 14-14 12
7. Difai 9 2 2 5 13-20 8
8. MOİK 9 2 2 5 9-17 8
9. Qaradağ Lökbatan 9 2 1 6 10-20 7
10. Mingəçevir 9 1 3 5 9-17 6

Bombardirlər: Bəhruz Teymurov (Karvan) – 9, Seyxan Fərəcov, Pablo Enrike Alveş (hər ikisi “İmişli”) – 5.

Növbəti turun oyunları dekabrın 18-də keçiriləcək: Zaqatala – Cəbrayıl, Qəbələ - Qaradağ Lökbatan, Karvan – Mingəçevir, MOİK – Baku Sportinq, İmişli – Difai.

KƏNAN BAHADIR

Seçilən
19
football-plus.az

1Mənbələr