AZ

“Qalib ölkənin qalibləri“ mükafatlandırılıb

Dekabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və istedadlı uşaqların iştirakı ilə “Qalib ölkənin qalibləri–2024” adlı mükafatlandırma mərasimi keçirilib. Cari ildə istedadlı uşaqların qazandıqları uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

 AQUPDK-nin sədri Bahar Muradova uşaqların həyatlarının erkən vaxtlarından özlərini qələbəyə köklədiyini qeyd edərək, onlara yeni və daha böyük uğurlar arzulayıb. “Qalib ölkənin qalibləri” layihəsindən bəhs edib, bunun ənənə halı aldığını və 3-cü dəfə müxtəlif sahələrdə Azərbaycanın adını yüksəklərə qaldıran uşaqların mükafatlandırıldığını diqqətə çatdırıb. 

Komitə sədri bildirib ki, hər bir ölkə üçün görüləcək ən vacib iş onun başlıca sərvəti olan insan kapitalının inkişafına sərmayə qoyulması, diqqət və qayğı göstərilməsidir. B.Muradova, Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini əlavə edib. Azərbaycanın geostrateji mövqedə yerləşməsinə diqqət çəkən sədr, ölkəmizin inkişaf yoluna nəzər salıb, tarixin miras qoyduğu çətinliklərdən azad olaraq, ərazi bütövlüyü, suverenliyimizi bərpa etdiyimizi və bu gün bütün dünyada inkişafın Azərbaycan örnəyini yaratdığmızı söyləyib. Qeyd edib ki, bu proseslərin davamı kimi dövlət tərəfindən insan kapitalına, xüsusilə də uşaqların erkən dövrdə inkişafına qoyulan sərmayə də nümunəvidir.

Qələbə qazanan uşaqların uğurlu nəticələrinin hər kəsi qürurlandırdığı vurğulanıb. Qeyd edilib ki, bu gün orta ümumtəhsil məktəblərində yaradılan maddi-texniki baza, yüksək “smart” yeniliklər imkan verir ki, uşaqların uğurlarının miqyası daha da genişlənsin, nailiyyət qazandıqları hər bir sahədə peşəkar olmaq üçün imkanlara əlçatanlıqları təmin edilsin. 

Komitənin uşaq və gənclərə yönəlik məsələlərlə birbaşa məşğul olduğunu diqqətə çatdıran sədr, uşaqların həm ailədə, həm cəmiyyətdə, həm də ümumtəhsil məktəblərində bütün imkanlara əlçatanalığının təmin edilməsinin diqqət mərkəzində olduğunu bildirib: “Uşaq və gənclərlə işləmək həm qürurvericidir, həm də böyük zəhmət və səy tələb edir. Eyni zamanda onlarla birgə bu yolu getmək, düşüncələrini öyrənmək, istək və arzularını dinləmək bu və ya digər ehtyaclarını öyrənmək və təmin etmək həm şərəfli, həm çətin, həm də maraqlıdır”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov müxtəlif sahələrdə qazandıqları nailiyyət münasibətilə uşaqları təbrik edib. Bildirib ki, bu gün gənclərin istedadının aşkar olunması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılır: “Siz bacarıqlarınızı ölkənin iqtisadiyyatını müəyyən edən sahələrdə tətbiq edərək, dövlətimizin inkişafını təmin edəcəksiniz. Hər bir gəncdə istedad var, sadəcə onu görmək lazımdır”. 

Hər il respublika fənn olimpiadalarında kifayət qədər istedadlı şagirdin iştirak etdiyi və aşağı siniflərdə təhsil alanların olimpiada mərkəzlərinə cəlb olunduqları qeyd edilib. Bir neçə il öncə olimpiadalarda yüksək nəticələr əldə edən gənclərin hazırda dünyanın bir sıra ölkələrində yüksək vəzifələrdə çalışdıqları vurğulanıb. 

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, dünyanın hazırki inkişaf sürətinə çatmaq üçün uşaqlar daim öz üzərində çalışmalı və müxtəlif sahələrdə potensiallarını inkişaf etdirməlidirlər. Azərbaycanın qazandığı tarixi qələbədən sonra övladlarımızın suverenliyini tam bərpa etmiş bir ölkədə böyüdüyünü bildirən F.Hacıyev əlavə edib ki, bugünki güclü dövlətimizi qoruyub saxlamaq və daha işıqlı bir gələcəyə aparmaq yolunda siz uşaqların üzərinə böyük məsuliyyət düşür.  

Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov süni intellekt əsrində yaradıcı təfəkkürün əhəmiyyətindən bəhs edib. O, rəqəmsal dünyada öz istedadı və bacarığı ilə seçilməyi bacaran uşaqların uğurlarını yüksək qiymətləndirib. 

Qalib uşaqlar adından çıxış edən Toğrul Şahtahtinski, Murad Xəlilzadə, Rəfiqə Verdiyeva tədbirin təşkilatçılarına təşəkkür bildirərək, dövlət tərəfindən onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Toplantıda elm, təhsil, mədəniyyət və idman sahələrində il ərzində Azərbaycanı beynəlxalq olimpiada və yarışlarda təmsil edərək qalib gəlmiş 100 uşaq mükafatlandırılıb. Sonda mədəniyyət sahəsində uğur qazanmış uşaqlar tərəfindən müxtəlif musiqi alətlərində ifalar səsləndirilib.

Zərifə BƏŞİRQIZI

XQ

Seçilən
5
2
xalqqazeti.az

3Mənbələr