İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti POS-terminal quraşdırılması məcburi olan ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Dövlət Vergi Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, nəzarət tədbirləri nəticəsində ümumilikdə 593 ticarət və iaşə obyektində ödənişlərin sistematik şəkildə POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradıldığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçılara elektron ödəniş imkanının yaradılması vergiödəyicilərinin birbaşa vəzifələrinə aiddir.
POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.