AZ

BDU-da görkəmli mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Şirməmməd Hüseynovun məzarını ziyarət ediblər. Görkəmli alimin xatirəsi ehtiramla yad olunub. Sonra konfrans iştirakçıları BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasında Şirməmməd Hüseynovun xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar.
 
Tədbir BDU-nun akt zalında davam edib. Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, professor Şirməmməd Hüseynov görkəmli mətbuat tədqiqatçısı, nüfuzlu alim, unudulmaz müəllim kimi şərəfli bir ömür yaşayıb. Şirməmməd Hüseynov öz araşdırmalarına hələ Moskvada aspiranturada oxuduğu illərdən başlayıb və bütün elmi yaradıcılığı boyu milli Azərbaycan mətbuatının araşdırılmasına böyük əmək sərf edib: “Professor Şirməmməd Hüseynov böyük bir ənənənin, tarixi missiyanın, “Əkinçi” məktəbinin davamçısı idi. Bu ənənə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranan və formalaşan, klassik mətbuat xadimlərimizin milliliyə, vətənpərvərliyə əsaslanan ənənəsi idi. Şirməmməd müəllimin elmi və publisistik yazıları klassik mətbuat xadimlərimizlə müasir dövrümüz arasında bir körpü rolunu oynayır. Alim həmin dövrün ziyalılarının həyat və yaradıcılığını, milli mətbuat orqanlarımızın fəaliyyətini bizə yeni tərzdə, yeni təqdimatda çatdırır. Həm də sovet dövründə öyrənilməmiş zəngin, maarifçi Azərbaycan mətbuatının materialları ilə tanış edir”.
 
Rektor diqqətə çatdırıb ki, Şirməmməd Hüseynov bacarıqlı mətbuat tarixçisi olmaqla bərabər, həm də gözəl pedaqoq idi: “O, əsl müəllim kimi ömrünü müstəqil Azərbaycanın jurnalistlərinin yetişdirilməsinə həsr edib. Şirməmməd müəllimin yüksək şəxsi keyfiyyətləri müəllimliyi ilə vəhdət təşkil edirdi. O, səmimiyyətə, təvazökarlığa, qarşılıqlı hörmətə pedaqoji fəaliyyətində böyük əhəmiyyət verib, tələbələrindən də bunu tələb edib. Məhz Şirməmməd Hüseynov kimi müəllimlərimizin əməyinin nəticəsidir ki, müstəqi Azərbaycan mətbuatı öz tarixi irsinə, “Əkinçi” ənənələrinə söykənərək yenidən formalaşıb, inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan jurnalistikasında milli mətbuatımızın ənənələrini davam etdirən minlərlə jurnalist çalışır, mətbuatın inkişafına töhfə verir. Onun tələbələri, davamçıları zəngin milli mətbuat ənənələrini uğurla inkişaf etdirirlər”.  
 
Sonra professor Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
 
Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör böyük alim Şirməmməd Hüseynovun millətinə, xalqına xidmət edən, tarix yaradan bir jurnalist-alim olduğunu vurğulayıb. O, Şirməmməd Hüseynovun öz şəxsiyyəti və yaradıcılığı ilə jurnalistika təhsilində yeni yol açdığını bildirib.
 
Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə bildirib ki, Şirməmməd Hüseynov müasir dövrün çağırışlarına cavab verən, ölkənin ictimai-siyasi mühitinə təsir imkanlarına malik minlərlə jurnalist yetişdirib. Tədqiqatçı kimi tariximizin ən önəmli səhifələrini araşdırıb. Görkəmli alimin müəyyən etdiyi prinsiplər hər bir jurnalist üçün məktəb sayıla bilər.
 
Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, Şirməmməd Hüseynov təkcə yazıları ilə deyil, vətəndaşlığı ilə də dərs keçib, nümunə olub. Bu məktəbin yetirmələri görkəmli alimdən həm də cəmiyyəti maarifləndirmək, xalqa xidmət etmək missiyasını öyrəniblər.
 
“ARB24” telekanalının direktoru Radik İsmayılov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, təmənnasız və peşəkarlıqla yerinə yetirdiyini bildirib, xatirələrini bölüşüblər.
 
Sonda görkəmli alimin qızı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək konfransın təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Şirməmməd Hüseynov öz xalqını çox sevən, son dərəcə dürüst və təmiz insan idi: “Biz onunla daim qürur duymuşuq və özümüzü Şirməmməd Hüseynovun məsləkdaşı hesab etmişik. Çox sevinirəm ki, atamın yetirmələri, tələbələri də bu yolla gedirlər”.
 
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Seçilən
0
7
moderator.az

8Mənbələr