AZ

İsrailin Suriyada növbəti addımları- Ərdoğan hava qüvvələrinə "vurun" əmri verdi...

Image

Suriyada hakimiyyət dəyişikliyi Yaxın Şərqdə İsrail və Türkiyəni bir-birinə qarşı qoyur. Qəzza zolağında münaqişə fonunda yəhudi dövləti ilə diplomatik əlaqələri kəsən Ankaranı təkcə Suriyada davam edən əməliyyatlar deyil, həm də kürd qüvvələri ilə Təl-Əvivin  təmasları qıcıqlandırır. 

Türkiyə mediasının yazdığı kimi, respublika rəhbərliyi Suriyanın şimal-şərqinə nəzarət edən kürd qüvvələri ondan hərbi yardım alacağı təqdirdə İsrail təyyarələrini vurmaq variantına icazə verir. Yəhudi dövləti isə qonşu ölkədəki vəziyyətin təhlükəsizliyə necə təsir edəcəyindən narahatdır.

Türkiyənin müdafiə naziri Yaşar Gülər İsrailin Yaxın Şərqdə “təcavüzü artıraraq işğalçılıq zehniyyətini” nümayiş etdirdiyini bildirib. O, Qəzza zolağında davam edən münaqişəni və İsrailin Suriyada qalan arsenalları məhv etmək məqsədi daşıyan hava hücumlarını belə şərh edib. “İsraillilər həm də onların hücumlarının Qəzza ilə məhdudlaşmayacağı və bütün bölgəyə yayılacağı ilə bağlı qorxularımızın nə qədər haqlı olduğunu göstərdilər. İsrailin Colan təpələrində Yaşıl Xətti (yalnız sülhməramlıların yerləşdirilməsinə imkan verən bufer zona) işğal etməsi və onun Dəməşqə hücumları bu məsələdə haqlı olduğumuzun son təsdiqi oldu”. Suriyanın şimal-şərqinə nəzarət edən kürd qüvvələrinin İsraillə hərbi yardım kanallarının açılması tələbi Ankara üçün ayrıca təhdid yaradılır. Türkiyə mətbuatının yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən şəxslər Suriyada reydlər həyata keçirən İsrail təyyarələrinə hücumu nəzərdə tutan variantı hesablayır. Yəhudi dövləti kürd qoşunlarına dəstək vermək qərarına gələrsə, bu variant həyata keçiriləcək. Türkiyə mediasında mənbələrə istinadən belə məlumat yayılıb:  “İsrail belə addımlar atmağa qərar verərsə, hava hücumundan müdafiə sistemlərimiz və qırıcılarımız İsrail təyyarələrini məhv etməyə hazır olacaq. Artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına belə əmrlər verilib”. Aydındır ki, indi Suriyada mərkəzi hakimiyyətin süqutu fonunda Türkiyə özünü ən güclü mövqedə hiss edir: ona yaxın silahlı qruplar hakimiyyətə gəlib. Hakim elitanın əhval-ruhiyyəsi ictimai ritorikada yaxşı əks olunur. Ərdoğan Sakaryada rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının 8-ci Qurultayında çıxışı zamanı bildirib: “Birinci Dünya Müharibəsi regionumuzun sərhədlərini yenidən müəyyən etsəydi, şərtlər fərqli olsaydı, nə baş verərdi? Çox güman ki, Hələb, İdlib, Hama, Dəməşq, Rakka dediyimiz şəhərlər Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı”. Bu arada İsrail Suriyadakı əməliyyatlarını dayandırmağa hazır olmadığını nümayiş etdirir. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevinin dediyi kimi, qonşu arenada bütün hərəkətlər yalnız İsrailin və xüsusən də Colan təpələrində icmalarda yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: “Biz Colan təpələrini, şimal Colan və Hermon dağını qorumaq üçün buradayıq. Suriya bir vaxtlar düşmən dövlət olub, ordusu dağılıb və terrorçu ünsürlərin sərhədimizə yaxın yerləşməyə çalışacağı kimi  real təhlükə var. Biz ekstremist qrupların yanımıza toplaşmasının qarşısını almaq üçün qətiyyətlə hərəkət edirik”.

Yəhudi dövlətinin narahatlığı həm də Suriyada hakimiyyət dəyişikliyindən sonra narkotik ticarəti marşrutlarının bölgədə necə olacağı ilə bağlıdır. Onun cənub bölgələri uzun müddətdir Suriya müharibəsi iqtisadiyyatının fəaliyyətində böyük rol oynayan sintetik narkotik olan “captagon”un ixracı üçün başlanğıc meydançası kimi xidmət edib. Yaxın Şərqdə dəyişən təhdid mənzərəsi İsrail və İordaniya kəşfiyyat liderləri arasında gizli danışıqların mövzularından biri olub. Hər iki ölkə təkcə qaçaqmalçıların deyil, həm də Suriyadakı hadisələrdən sonra hərbi müttəfiqi Livanın “Hizbullah” qruplaşmasına silah tədarükü üçün ən mühüm marşrutu itirən İranın mümkün aktivləşməsindən narahatdır.

“Axios” portalı mənbələrə istinadən xəbər verir ki, İordaniya indi İsraillə Suriyanın yeni hakimiyyət orqanları, o cümlədən “Heyət Təhrir əş-Şam” qruplaşması arasında vasitəçi rolunu öz üzərinə götürüb. Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Culani artıq açıq şəkildə bəyan edib ki, yəhudi dövləti Suriyadakı fəaliyyəti dayandırmalıdır: “İsrailin arqumentləri zəifləyib və onun son pozuntularına haqq qazandırmır. O, Suriya ilə demarkasiya xəttini pozub”. Əl-Culani “beynəlxalq ictimaiyyəti müdaxilə etməyə və bu gərginliyə görə məsuliyyəti öz üzərinə götürməyə” çağırıb. O, bölgədəki vəziyyətə nəzarətin və Suriyanın suverenliyinə hörmətin vacibliyinə işarə edib: “Diplomatik həll yolları təhlükəsizlik və sabitliyi təmin etməyin yeganə yoludur”. Əks halda ekspertlər hesab edir ki, Türkiyə bölgədə proseslərə fəal müdaxilə edəcək. Bu halda israillə qarşıdurmanın şiddətlənməsinin qarşısını alma üçün prosesə Azərbaycanın vasitəçi kimi müdaxiləsi mümkündür.  Çünki, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə dostluq münasibətləri və strateji əməkdaşlığı var. Hər iki dövlət II Qarabağ savaşı zamanı Azərbaycanı siyasi cəhətdən dəstəklədi. Hər iki dövlətlə bu münasibətlərin hökm sürdüyü bir müstəvidə Azərbaycan da vasitəçi rolunda çıxış edə bilər. Belə əməkdaşlıq bir daha onu sübut etdi ki, müasir dünyada müstəqil xarici siyasət yeritməklə qarşıya qoyulan hədəflərə çatmaq olar. Azərbaycanın Türkiyə ilə olan hərbi-strateji müttəfiqliyi və əməkdaşlığı isə bölgədə sülhün qarantı olmaqla yanaşı Azərbaycanın söz, güc və təhlükəsizlik qarantı rolunda manevrlərini daha da genişləndirir. Belə olan halda, İsrail dövləti də bu əməkdaşlığa öz töhfəsini verə bilər.  Bununla yanaşı, hər iki ölkə təhlükəsizlik kontekstində qarşılıqlı razılaşa biləcəkləri ortaq məqamlar mövcuddur. İndiki zamanda hər iki ölkə arasında siyasi müstəvidə münasibətlərin bərpa olunması və siyasi dialoqun yaranması həm region dövlətləri, həm də ümumilikdə yaxın Şərq üçün vacibdir. Bu prizmada Azərbaycanın da bu proseslərdə iştirakı zəruri hesab edilir.

Tahir TAĞIYEV





phrase_var_article.chosen
12
50
baki-xeber.com

10phrase_var_article.sources