AZ

Günəş sistemində istilacı planet: Xarici "qonaq" nələr etdi?

Planetlərin Günəş ətrafındakı orbitləri uzun illərdir elm aləminin müzakirə mövzularından biridir. Bu gün orbitlərin xüsusiyyətləri yaxşı başa düşülsə də, bu trayektoriyalar Günəş sisteminin formalaşmasından bəri davamlı olaraq dəyişib.

Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, son illərdə "planet miqrasiyası nəzəriyyəsi" gənc planetlərin daxilə və ya xaricə doğru hərəkət etdiyini irəli sürüb. Lakin yeni bir nəzəriyyəyə görə, bu dəyişikliklərin səbəbi Günəş sistemindən keçmiş, Yupiterdən 2-50 dəfə ağır bir obyekt ola bilər.

Orbitlər necə müəyyənləşir?

Planet orbitlərinin təkamülü olduqca mürəkkəb prosesdir. Planetlər əvvəlcə gənc və isti Günəşin ətrafında dövr edən qaz və toz diskindən yaranıb. Bucaq impulsun qorunması səbəbindən bu maddələr düz bir diskə çevrilərək planetlərin eyni müstəvidə və dairəvi orbitlərdə formalaşmasını təmin edib.

Lakin planetlər böyüdükcə, diskdəki qarşılıqlı təsirlər orbitlərin içə və ya çölə doğru hərəkətinə səbəb olub. Çəkim qüvvələri orbitlərin formasında (eksantriklik) və meyillərində mühüm dəyişikliklər yaradıb. Bu proseslər bəzən gənc planetlərin Günəş sistemindən kənarlaşdırılması ilə nəticələnib. Günəşin gelgit qüvvələri də orbitlərdə dəyişikliklərə səbəb ola bilər.

Gənc planetlərin "kənarlaşdırılması" geniş yayılmış hadisə olsa da, Günəş sistemini ziyarət edən xarici göy cisimləri daha nadir baş verir. Bununla belə, belə ziyarətlər digər planet sistemləri haqqında dəyərli məlumatlar təqdim edə bilər.

Xarici qonaqlar

2017-ci ildə kəşf edilən "Oumuamua" təsdiqlənmiş ilk ulduzlararası qonaq idi. Ellipsvarı forması və qeyri-adi sürətlənməsi ilə diqqət çəkən bu obyektin, ehtimal ki, səthindən qaz sızması kimi qeyri-çekim qüvvələri səbəbindən belə davrandığı düşünülürdü.

Yeni araşdırma isə oxşar bir ulduzlararası qonağın planetlərimizin orbitlərini dəyişmiş ola biləcəyini irəli sürür. Toronto Universitetindən Qarett Braun rəhbərliyindəki bir qrup, qaz nəhənglərinin orbitlərinin eksantrikliyini araşdırıb və mövcud nəzəriyyələrin müşahidələri izah etməkdə yetərsiz olduğunu iddia edib.

Komandanın təklif etdiyi ssenariyə görə, Yupiterdən 2-50 dəfə ağır bir obyekt Günəş sistemindən keçib və orbitlərdə dəyişikliklər yaradıb. Araşdırma, bu obyektin Günəşə 20 astronomik vahiddən (1 astronomik vahid - Günəşin Yerə olan məsafəsi) yaxın keçdiyini və saatda təxminən 6 kilometr sürətlə hərəkət etdiyini göstərib.

Komanda bu cür ulduzlararası qonağın bugünkü orbitlərin formalaşmasına səbəb olma ehtimalının 1% olduğunu hesablayıb. Bu göstərici, digər nəzəriyyələrlə müqayisədə olduqca yüksəkdir. Simulyasiyalar və qonağın mümkün xüsusiyyətləri əsasında aparılan bu tədqiqat indiyə qədər ən məqbul nəzəriyyə kimi qiymətləndirilir.

Aydın
Seçilən
0
20
qaynarinfo.az

10Mənbələr