AZ

Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev


Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev mətbuatın sorğusuna cavabında bildirib ki, pandemiyadan sonra dünyada yaranan yeni şərait müəyyən qisim insanların işlərini evdən də görə biləcəklərini göstərdi:
"Məsələn, bəzi böyük şirkətlər kirayə yerlər götürmüşdülər, pandemiya dövründə isə bəlli oldu ki, buna ehtiyac yoxdur, müəyyən işləri işə getmədən də həll etmək mümkündür. Bu, artıq dünyada qəbul olundu. Nəzərinizə çatdırım ki, Azərbaycanda da müəyyən şirkətlərin işçiləri işlərini evdən görürlər. Buna görə də işə getmələrinə ehtiyac olmur. Dünya dəyişir, inkişaf edir. Məsələn, siyasi partiyalarda yaradıcı adam yazı yazırsa, onun işə gəlməsinə ehtiyac olmur. Evdən daha rahat yazacaqsa, ayrı-ayrı yerlərdə iş imkanları varsa, niyə işə gəlməlidir? Yəni ictimai-siyasi təşkilatlarda, şirkətlərdə artıq bu qayda onsuz da həyata keçirilir. İnanıram ki, bundan sonra da bu üsul tətbiq olunacaq. Təbii ki, belə halda tıxac problemi də xeyli aradan götürülür. Bildiyim qədəri ilə, Azərbaycanda 4 iş günü olması ilə bağlı rəsmi təklif hələ yoxdur. Dövrün, zamanın tələblərinə uyğun şərait yaranır, rəsmi və ya qeyri-rəsmi bu cür üsullardan istifadə olunur. Şəxsən mən müzakirəyə açığam. İstənilən məsələ müzakirə oluna bilər. Dörd iş günü ilə bağlı müzakirə açılarsa, təbii ki, mövqeyimizi bildirəcəyik".
Qeyd edək ki, 2025-ci ilin aprelindən Yaponiyada dövlət işçiləri üçün dörd günlük iş həftəsi tətbiq ediləcək.
BAP Mətbuat Xidməti



Seçilən
11
2
nuh.az

3Mənbələr