Azərbaycanda əsgərlik yaşının endirilməsi ordumuzda hansı müsbət irəliləyişlərə nail olacaq?
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, artıq hərbi çağırış və səfərbərlik xidməti ilə Azərbaycan Müdafiə Nazirliyi ilə birgə bu sahədə də təhlillər apararaq öz təkliflərini formalaşdırıb.
“Bu addımlar xalqa, cəmiyyətə xidmət edən sosial yönlü bir addımdır. 35 yaş həddi çoxdur və ya ali təhsillilər arasında fərqin əhəmiyyəti kimi söz-söhbət gedirdi. Əlbəttə, bütün bu prosesləri nəzərdən keçirərək, əhalinin bununla bağlı fikirlərini nəzərə alaraq addımlar atılması çox diqqətli şəkildə öyrənilirdi.”
Hərbi ekspert hərbi çağırış və səfərbərlik xidməti ilə bağlı fikirlərini qeyd edib:
“Bu gün gündəmdə olan təklif məhz 35 yaşdan 30 yaşa endirilməsidir. Bu, daha çox sağlamlıq vəziyyəti ilə bağlıdır. 30 yaşa qədər aşağı salınmasını cəmiyyət müsbət sayır. Bizim hərbi xidmətdə yararsız olan cavanlarımız hər 3 ildən bir hərbi həkim komissiyasının təsdiqini gözləyirlər. Ağır əlillik dərəcəsi olmayan cavanlar hərbi həkim komissiyasının növbəti yoxlanış zamanı təsdiq edib-etməyəcəyini bilmirlər. Buna görə də cavanlar üçün gələcək həyatının planlaşdırılmasına, hətta ailə qurmasına da bu çox təsir edir.”
O, əsgərlik yaşının 35 yaşdan 30 yaşa salınmasının daha məntiqli olduğunu vurğulayıb:
“18 yaşda yararsız qərarı alınan gənc 30 yaşa qədər 4 dəfə hərbi komissiyadan yenidən yoxlanmaq üçün göndərilir. Əgər 30 yaşına qədər 4 dəfə komissiyadan keçən şəxs sağlamlığında qüsur olduğuna görə yararsız sayılırsa, bunu yenə də 5 il uzadaraq yenidən təsdiqə göndərməyin əhəmiyyəti yoxdur.”
Ekspert qeyd edib ki, ali savadı olan və olmayan arasında əsgərlik müddətinin yarım il fərqli olmasının heç bir məntiqi əsası yoxdur.
Fatimə Məmmədova