“Dəyişikliklər səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədinə xidmət edir”
Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və digər qanunlarda dəyişiklik edilməsi barədə layihələrə baxılır. Ölkəmizdə hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi postmüharibə dövrünün mahiyyət və məntiqindən, eləcə də beynəlxalq təcrübədən irəli gəlir.
Millət vəkili Əli Məsimli deyib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilərək əsgərlik yaşı azaldılır. Buna uyğun olaraq bir sıra müvafiq qanunvericilik sənədlərində də dəyişiklilər edilir. Qanunda Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan yaş həddi 35-dən 30-a endirilməsi ilə bağlı zəruri dəyişikliklər edilir:
"Bu dəyişiklik çox mütərəqqi bir dəyişiklikdir və bu sahədəki islahatların gedişində davamı da ola bilər. Dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış 18 yaşından 35 yaşınadək yox, hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək kişi cinsli vətəndaşlara şamil olunacaq. Rəsmi məlumatlara görə, 2020-2024-cü illər ərzində hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2-0,3 faizini təşkil edib. Deməli, sözügedən dəyişiklik çağırış resursuna ciddi təsir göstərməyəcək. Digər yandan layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur. Təklif edilir ki, dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilsinlər".
Parlamentari qeyd edib ki, bununla yanaşı təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə də yenilənib:
"Bakalavriatda əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların 24 yaşı, magistraturada əyani təhsil alan tələbələrə isə 26 yaşı tam olanadək veriləcək. Burada bir nüansı da qeyd etmək lazımdır ki, sözügedən möhlət məsələsində dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək. Sadalanan dəyişikliklər səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədininə xidmət edir. Bu, hərbi xidmətlə bağlı islahatların genişləndirilməsinə yol açacaq".