Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gəlir? - FANTASTİK QİYMƏTLƏR
Yeni ilin yaddaqalan olmasını istəyənlər adətən bölgələrə üz tutur. Yaradılan şərait nə qədər göz oxşasada, qiymətlər də bir o qədər göz alıcıdır. Xüsusilə də turizm bölgələrində. Manset.az Yeni il paketini təklif edən bölgələrdəki hotellərin qiyməti ilə maraqlanıb. Məlum oldu ki, bəzi hotellərdə artıq yerlər doludur. Hətta qiymətlər od tutub yanır. Məsələn Şəkidə yerləşən “Marxal” hoteldə artıq yerlər bron edilib. Ancaq qiymətlər əl yandırır. 31 və 1-i üçün qiymətlər 1280-2500 arası dəyişir. Bura daxildir səhər yeməyi, axşam yeməyi və yeni il qala gecəsi. Qubadakı “Macara” hotelində qiymətlər 1550 manatdan başlayır. Qiymətə 31-i axşam yeməyi və gecə qala gecəsi, 1 Yanvarda səhər,günorta və axşam yeməyi, 2 Yanvarda isə ancaq səhər yeməyi daxildir. Giriş 31-i saat 3-də, çıxış isə 2-i saat 12-dədir. Şuşada yerləşən “Shusha” hotelində qiymətlər 1900-3600 manat arası dəyişir. Qiymətə 31-i axşam yeməyi, əyləncə, 1-i isə səhər yeməyi və axşam yeməyi, 2-i isə ancaq səhər yeməyi daxildir. Xankəndidəki hoteldə də yerlərin dolduğu bildirildi. Qiymətlər isə 240-740 manat arası dəyişir. Qiymətə daxildir 31-i səhər yeməyi və canlı musiqi, 1-i isə ancaq səhər yeməyi. Lerikdə yerləşən “Relax” hotelində qiymətlər 50 və 100 manat arası dəyişir. Qiymətə 31-i səhər yeməyi və axşam yeməyi, 1-i isə səhər yeməyi daxildir. Bəs bölgələrdə qiymətlərin bu dərəcədə artmasına səbəb nədir? Məsələ ilə bağlı Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ilin sonunda hər kəs istirahətə bölgələrə üz tutur. Bu da qiymətlərin yüksək olmasına səbəb olur. Ən çoxda bahalaşma hotelçilikdə və turizmdədir. “ Rayonlarda fəaliyyət göstərən xüsusəndə dağlıq bölgələrdə fəaliyyət göstərən 5 ulduzlu otellərdə yeni il şou proqramı təşkil olunur. Təbii ki, burda proqramın yaxşı keçirilməsi üçün canlı musiqi və tanınmış müğənnilərin, hətta xarici müğənnilərin gəlişi təşkil olunur. Bunların qiymətidə sifariş olunan turistin invoysuna əlavə olunur ki, bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır. 3 və 4 ulduzlu otellərdə isə sadə şou proqram keçirildiyinə görə qiymət biraz aşağı ola bilər.” Ekspertlər deyir ki, qiymətlər hotellərin satış siyasətinə uyğun təyin olunur. Yəni yeni ildə təyin olunan qiymətlər adi günlərdəki qiymətlərdən 2 dəfə çoxdur.