AZ

Bakıda “Media savadlılığı” konfransı keçirilib

Tədbir “Media savadlılığı” Həftəsi çərçivəsində təşkil olunub

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə dekabrın 17-də Bakıda “Media savadlılığı” konfransı keçirilib. “Media savadlılığı” Həftəsi çərçivəsində təşkil olunmuş konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu diqqətə çatdırıb. İcraçı direktor dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının, effektiv kommunikasiyasının vacibliyini bildirib. O, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını deyib.

Ə.İsmayılov qeyd edib ki, ölkəmiz onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir. Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meyilləri öz növbəsində həm mediamızın raqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsirinə düşməsinin qarşısının alınması baxımından media savadlılıq səviyyəsinin yüksəldilməsini şərtləndirir. İcraçı direktor söyləyib ki, 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Qanunda ilk dəfə media savadlılığına anlayış verilib, media savadlılığının artırılması məqsədilə dövlət tədbirlərinin keçirilməsi Medianın İnkişafı Agentliyinə həvalə edilib. Agentlik tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplara istiqamətlənmiş vahid daxili strategiya hazırlanıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında media savadlılığının ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığı olduğunu diqqətə çatdırıb. O bildirib ki, informasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini mənimsəmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyinin fərqində olmaq media savadlılığının əsasını təşkil edir.

İ.Səttarovun sözlərinə görə, hazırkı informasiya məkanında, məlumat bolluğu şəraitində doğru, etibarlı, qərəzsiz informasiya əldə etmək üçün media sahəsində savadlı olmağa xüsusi ehtiyac var: “Nəzərə alsaq ki, dünya üzrə orta gündəlik sosial media istifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə nəinki jurnalistlər, eyni zamanda, hər kateqoriyaya aid insan üçün olduqca böyük əhəmiyyət daşıyır. Bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində yer alması çox mühümdür. Media savadlılığının müxtəlif səviyyələrdəki təhsil proqramlarına daxil edilməsi artıq günün zərurətinə çevrildiyini deyə bilərik”.

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş isə müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi və rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriyanın xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşdiyini vurğulayaraq, media savadlılığının artırılmasının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycan ilə Mərakeş arasında inkişaf edən əməkdaşlıq medianın tənzimlənməsinə də müsbət təsir göstərir. Qarşılıqlı faydalı inkişaf bizə fikir mübadiləsi aparmağa imkan yaradır. Qonaq medianın inkişafının və bu sahədə savadlılığın artırılması məsələsinin bütün dünya üçün çox böyük əhəmiyyət daşıdığına diqqət çəkərək bildirib: “Bu, yeni nəslin hüquqları ilə sıx bağlıdır. Müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi və rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriya xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşir. Məhz bu səbəbdən media savadlılığının artırılması olduqca vacibdir”.

Daha sonra cari ilin iyulunda keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunda dezinformasiya və media savadlılığı ilə bağlı səsləndirilən fikirlərin yer aldığı videoçarx təqdim edilib.

Prezident mükafatçısı və texno-bloger Tariyel Ağazadə dezinformasiyanın aşkarlanması ilə bağlı “Tools and Techniques” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda müasir dövrün ən böyük problemlərindən biri olan saxta xəbərlərin müəyyən edilməsi üçün istifadə olunan texnologiya və metodlar auditoriyanın diqqətinə çatdırılıb.

Təqdimatdan sonra “Rəqəmsal dövrdə gənclər və media savadlılığı” mövzusunda panel sessiya təşkil olunub, mövzu ətrafında çıxışlar dinlənilib.

Tədbir çərçivəsində, həmçinin “Media savadlılığı” mövzusunda keçirilən sorğunun qalibləri mükafatlandırılıb.

Konfrans işini “Süni intellekt və media savadlılığı” və “Təhsildə media savadlılığı” mövzularında dəyirmi masalarla yekunlaşdırıb.

Qeyd edək ki, konfransda aidiyyəti dövlət qurumlarının və özəl təşkilatların, akademik müəssisələrın, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin sahə üzrə yerli və xarici ekspertlər, 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gənci iştirak edib.

Xatırladaq ki, media savadlılığının artırılması və təşviqi məqsədilə Media savadlılığı platforması da fəaliyyət göstərir.

N.BAYRAMLI

Seçilən
2
27
yeniazerbaycan.com

10Mənbələr