AZ

2024-cü ildə Azərbaycan təhsili nələrlə YADDA QALDI…

Artıq 2024-cü ilin sonuna yaxınlaşırıq. Bu il hər sahədə yeniliklərlə yadda qaldı. Dəyişikliklər və yeniliklər təhsil sahəsində də özünü göstərdi.

Apress.az cari ildə təhsil sahəsində olan yenilikləri təqdim edir.

1. Azərbaycanda 2 yeni ali təhsil müəssisəsi fəaliyyətə başladı.

Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərdə illər sonra ali təhsilin bərpa edilməsinə yol açdı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub.

15 fevral 2024-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Ali təhsil müəssisəsində 6 fakültə (Pedaqoji fakültə, İqtisadiyyat fakültəsi, Humanitar və sosial elmlər fakültəsi, Mühəndislik fakültəsi, İncəsənət fakültəsi, Turizm fakültəsi) üzrə 25 ixtisasa qəbul aparılır. Universitetdə hazırda 1104 tələbə təhsil alır. Daha 50 nəfər isə SABAH qruplarında oxuyur. Növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır.

 

Türkiyə Azərbaycan-Universiteti isə fərqli universitetlərin müxtəlif proqramlarını ehtiva edən yeni nəsil universitet kimi fəaliyyətə başlayıb. Belə ki, TAU ölkəmizdə“çətir universitet” funksiyasını yerinə yetirən təhsil müəssisəsidir. Tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.

İlk tədris ilində kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsil keçirilir. Ali təhsil müəssisəsində ümumilikdə 83 tələbə təhsil alır.

Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar. Universitet Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərir. İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfindədir. Universitetin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat büdcə ayrılıb.

2) Xaricdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadıldı və xaricdə təhsil almaq üçün göndərilən tələbələrin sayı artırıldı.

Prezident İlham Əliyev avqustun 12-də imzaladığı sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın müddəti 2 il uzadılıb.Sərəncamla Dövlət Proqramına müvafiq dəyişikliklər edilib. Belə ki, Dövlət Proqramı 2028-ci ilə qədər dövrü əhatə edəcək. Proqram üzrə xaricdə təhsil üzrə illik kvota 400 nəfərdən 500 nəfərədək artırılıb. Həmçinin Dövlət Proqramına doktorantura təhsili əlavə edilib.

Bu ilə qədər Dövlət Proqramında xaricdə təhsil üzrə yerlərin ən azı 80 faizi magistratura səviyyəsi əhatə edirdi. Dəyişikliyə əsasən, 2025-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi ali təhsilin doktorantura səviyyəsini əhatə edəcək. Qalan yerlər magistratura səviyyəsi üçün nəzərdə tutulacaq.

3) Ümumi orta təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı qərar verildi

Millət vəkili Ceyhun Məmmədovun ölkədə 1500 orta məktəbin bağlanılacağı ilə bağlı çıxışından sonra elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında etdiyi paylaşımda bu fikrin doğru olmadığını qeyd etmişdi.

Nazir paylaşımda bildirib ki, ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır:

“Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq”.

4) Məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid

Bu ildən etibarən məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid edilib. Yəni hər bir şagird üçün ayrıca maliyyə ayrılır. Əvvəllər isə məktəb üçün ümumi maliyyə ayrılırdı.

13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumi təhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, məktəblərdə adambaşı maliyyələşmə sistemi uğurlu olsa, inkişaf üçün zəmin yaranacaq.

5) Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.

Sertifikasiya təhsilverənlərin peşəkarlığını yoxlayan mühüm bir prosesdir və məktəbəqədər təhsil müəssisələrində buna böyük ehtiyac var. Məktəbəqədər hazırlıq təhsilin ən vacib pilləsidir, tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu müəssisələrdə çalışmasına imkan verəcək.

2024-cü ildə ilk dəfə təşkil olunan məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin diaqnostik qiymətləndirilməsinin məqsədi pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edərək sertifikatlaşdırma prosesinə hazırlığı təmin etməkdir.

Diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır. Sertifikatlaşdırmaya isə növbəti ildən başlanılacaq. 17 min nəfər tərbiyəçi-müəllim sertifikatlaşdırmaya cəlb ediləcək və proses 2026-cı ildə tamamlanacaq.

 

6) Mədəniyyət Nazirliyi tabeliyindəki təhsil müəssisələrində attestasiya imtahanlarının keçirilməsi ilə bağlı qərar verildi.

Qiymətləndirmə ölkə üzrə 2025–2026-cı illər ərzində keçiriləcək. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.

Hər biri 5 nəfər olmaqla fortepiano ixtisası üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək.

Cari ildə Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 123 müəllim işə qəbul edilib. Boş qalan yerlərə isə 35 əlavə qəbul reallaşdırılıb.İlkin mərhələdə ümumilikdə 4100 müəllimin attestasiyadan keçirilməsi nəzərdə tutulur.

Seçilən
3
2
apress.az

3Mənbələr