AZ

1 milyon qanpulu davası – İşə adı qarışan “böyük adamlar” kimlərdir? 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Ötən prosesdə Nuridə Seyidova özünü qismən, digər iki şəxs isə özlərini təqsirli bilməyiblər. Daha sonra hakim elan edib ki, Dövlət Gömrük Komitəsinin Tibb xidmətindən məhkəmənin sorğusuna cavab verilib. Hakim deyib ki, niyəsə istintaq orqanı transplantasiya məsələsini araşdırmayıb: "Məktubda Mircəlal Kaziminin həyata keçirdiyi əməliyyatlar və göstərilən digər tibbi xidmətlərə görə şirkətin 245 min 265 manat borcu qalıb. Burada əməliyyat olunan şəxslərin adları da məktubda əksinin tapıb. Bunlar Becanov Namiq, Əsimova Rita, Mikayılova Şölə Kazımova Aynurə və digərləridir”.
Hakim Nuridə Seyidovadan soruşub ki, hansı əməliyyatlar olmasını soruşub. Müttəhim cavab verib ki, qaraciyər və ya böyrək transplantasiyası əməliyyatları ola bilərdi. Daha bir məktub "Bona Dea" xəstəxanadan gəlib. Prosesdə məlum olub ki, talassemiya xəstələri üçün yığılan 35 min manat "Bona Dea"da başqa xəstələr üçün sərf olunub.

Müttəhim Aysel Məmmədova bildirib ki, "Bona Dea"da 70 min manatlıq əməliyyat həyata keçirib. Onun sözlərinə görə, həmin xəstə Eldar Məmmədovdur.

Müzakirələr zamanı aydın olub ki, Eldar Məmmədov əməliyyatın haqqının yarısını ödəyib.

Hakim müttəhim Nuridə Seyidovanın diqqətinə çatdırıb ki, bu işlə bağlı çoxsaylı şikayətlər var:

"Mənə o qədər zənglər gəlir, cavab verməkdən yorulmuşam. Onlara məsləhət görürəm ki, prokurorluğa müraciət etsinlər".

Nuridə Seyidova kimlərin zəng etdiyini soruşub.

Hakim: "Mən sizə hesabat vermirəm. Narazılar zəng edir" - deyə cavab verib.

Zərərçəkmişlər iddia ediblər ki, təqsirləndirilən şəxslər onların pulları ilə lotereya oynayıblar, piramida qurub, dələduzluq ediblər.

Zərərçəkmiş şəxslərdən biri söyləyib ki, təqsirləndirilən şəxslərin arxasında böyük adamlar dayanıb, təqsirləndirilən şəxslər bu işdə "maşa"dır.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumilikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib. Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbirli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.

O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb. Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.//musavat.com


Seçilən
16
14
referans.az

10Mənbələr