Türkiyənin Ankara şəhərində tanınmış ictimai xadim, yazıçı Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” kitabının təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) binasında keçirilən tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi və Kocaelidəki Heydər Əliyev adına Mədəniyyət Evi təşkil edib. Təqdimat mərasimində Türkiyə parlamentinin deputatları, diplomatlar, dövlət qurumlarının nümayəndələri, elm adamları, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qurumun Baş katibi Sultan Rayevin adından toplaşanları salamlayıb. Azərbaycanın qələbəsini bütün türk dünyasının qələbəsi kimi dəyərləndirən nümayəndə bildirib ki, qəhrəman Azərbaycan övladlarının şücaəti sayəsində 4 il bundan əvvəl ərazi bütövlüyümüz bərpa edilib və bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə aparılır.
Kocaeli Heydər Əliyev adına Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Azərbaycan və Türkiyə dövlətçiliyinin memarı Heydər Əliyevi və Mustafa Kamal Atatürkü iki qardaş ölkənin əvəzsiz irsi adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərdən hərtərəfli bəhs edən “Zəfər tariximizin fatehləri” kitabı ilə tanış olmaq nadir fürsətlərdən biridir.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov vurğulayıb ki, xalqın qəhrəmanlıq səhifələrinin dünya ictimaiyyətinə çatdırılması ölkəmiz həqiqətlərinin təbliği baxımından çox vacibdir. O, Zərifə Quliyevanın kitabının əvvəllər Azərbaycanda və Özbəkistanda təqdimatının keçirildiyini də xatırladıb.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım da öz növbəsində qeyd edib ki, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi məsələsində beynəlxalq ictimaiyyətin fəaliyyət göstərməməsi Azərbaycan xalqını öz gücü ilə tarixi ədaləti bərpa etməyə məcbur edib. Millət vəkili Zərifə Quliyevanın kitabının 44 günlük Vətən müharibəsi mövzusunda yazılan nəşrlər silsiləsində öz layiqli yerini tutacağından əminliyini ifadə edib.
Sonra çıxış edən professorlar Səyarə İbadullayeva və Zemfira Hacıyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilasında və inkişafında rolundan danışıblar, Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmiz, xalqımız üçün gördüyü misilsiz işləri qeyd ediblər.
Kitabın müəllifi, “Müasir İnkişaf və Ailə” ictimai birliyinin sədri Zərifə Quliyeva bildirib ki, onun kitabı Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qələbə qazanmasında xidmətlərinə həsr olunub.