Vətən uğrunda əvvəl atası, daha sonra tək qardaşı şəhid oldu... Elnarə xanım hələ uşaq yaşlarından atası Bahadur Əhmədovu Zəngilan uğrunda döyüşlərdə, qardaşı Emil Əhmədovu isə İkinci Qarabağ müharibəsində itirib. Keşməkeşli yollardan sonra o, universitetə bakalavra, illər sonra isə magistraturaya daxil olub.
“Şəhid yadigarı”mız Elnarə Əhmədova hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistratura pilləsində Təsviri incəsənət müəllimliyi ixitsasında təhsil alır.
AzEdu.az Təhsil Portalı olaraq Elnarə xanımla həmsöhbət olduq, ötən günlərə dair səhifələri vərəqlədik.
-Elnarə xanım, əvvəlcə başınız sağ olsun. Həm atanızı, həm də qardaşınızı Vətən uğrunda itirmisiniz. Şəhid yadigarı olaraq sizi daha yaxından tanımaq istəyərik.
-Mən, Əhmədova Elnarə Bahadur qızı, 38 yaşım var. Biz ailədə iki uşaq olmuşuq. Qardaşım Emil 2020-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Atam isə 1993-cü ildə Zəngilanda ağır yaralanaraq, itkin düşüb. Buna görə də indi anamla təkcə yaşayırıq.
Məktəbdən məzun olduqdan sonra kompüter sahəsi üzrə kollecə daxil oldum. Həmin vaxtlarda işləyirdim, həyat mənim üçün çətin idi, amma çox istəyirdim ki, dövlət sektorunda çalışım. İllər sonra, 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində rus bölməsi üzrə Təsviri incəsənət müəllimliyi üzrə bakalavr pilləsinə daxil oldum. 2022-ci ildə universitetdən məzun olduqdan sonra təhsil pilləmi daha da artırmaq istəyirdim, çünki bu həm də anamın arzusu idi. Amma imtahan versəm də, daxil ola bilmədim. Biliyimi bir az da artıraraq arzumun arxasınca getdim. Magistraturada rus bölməsi olmadığına görə Azərbaycan bölməsi üzrə ADPU-nun Təsviri incəsənət müəllimliyi üzrə magistraturaya daxil oldum. Məktəbi rusca oxuduğum üçün əvvəllər Azərbaycan bölməsində oxumaq mənə çətin gəlirdi. Ana nənəm rus olduğundan evdə hamı rusca danışırdı.
Öz dilimizi çox sevirəm, Azərbaycanca maraqlı sözlər gördükcə xüsusilə diqqət edirəm, onları bir kənara yazıram. Dissertasiyamı yazdıqca elmi dilin çətin olduğunu gördüm. Çalışıram ki, çoxlu kitablar oxuyum.
İndi hazırda özümü ancaq təhsilimə yönəltmişəm. Ötən il onurğa əməliyyatı olunduğumdan işləmirəm. Çox istəyirəm ki, oxuduğum universitetdə müəllim olum. Müəllimlərlə ünsiyyətdə olduqca, onların biliklərinə şahid olduqca, özümü də onların arasında görməyi arzulayıram. Əvvəllər mağazalarda, yaxud başqa yerlərdə işləyəndə özümə deyirdim ki, “Sən də yüksək vəzifədə ola bilərsən”. Mənim fikrimcə, ən yüksək vəzifələrdən biri elə müəllimlikdir. Ona görə də mən də müəllim olmaq istəyirəm. Bilmirəm, bunu reallaşdırmağa gücüm çatarmı...
-Sizi tanıdığımıza şad olduq. Elnarə xanım, bildirdiniz ki, ali təhsil almağınıza bəzi problemlər maneə olub. Universitetə qəbulunuza əngəl törədən amillər nələr idi?
-Atam şəhid olduqdan sonra bir az psixoloji travma aldım. Onda 7 yaşım var idi. İnsan çətinliklər görəndə yaşından tez böyüyür deyirlər... Mən düşünürdüm ki, işləsəm, ailəmə kömək etsəm daha yaxşı olar. 18 yaşımdan etibarən işləmişəm. Çalışmaqdan heç vaxt qorxmamışam. Qardaşım həqiqi hərbi xidmətdən sonra ailə qurmuşdu.
Başa düşürdüm ki, işləsəm təhsilə o qədər də gücüm çatmayacaq. İllər sonra 2017-ci ildə bakalavra sənəd verməyi qərara aldım. Özüm evdə hazırlaşdığım üçün balım ali məktəbə daxil olmağa çatmadı. Mənim üçün bu problem deyildi. Çətinliyə öyrəşmişdim. Birinci dəfə alınmayıbsa, o istəyimdən əlimi üzmürəm. Həyat çətindir, amma insan nəyisə istəyirsə, onun arxasınca getməlidir. Mən universitetə daxil olmaq istəyəndə 32 yaşım var idi. Hamı təəccüblənirdi ki, bu yaşda necə oxuyacaqsan? Hə, çətin oldu, amma istədim və əldə etdim.
-Motivasiyanız çox güclüdür. Magistratura Azərbaycan bölməsi olduğu üçün oxumaqda çətinlik çəkirsinizmi? Tələbə yoldaşlarınızla münasibətləriniz necədir?
-Tələbə yoldaşlarım yaxşı insanladır. Birinci kurs mənim üçün çox çətin idi. Bilmədiyim sözləri onlar mənə öyrədirdilər. Hansı sözləri dəqiq bilmirəmsə, onlardan soruşuram. İmtahana hazırlaşanda mövzuları dərk etmək üçün tərcümə edirdim. Amma indi dil baxımından irəlilədiyimi hiss edirəm.
İlk dərsə gedəndə çox sözü anlamırdım. Həm də avqustda onurğa əməliyyatı olunduğum üçün bir qədər problemlər yaşayırdım. Həkimlərim də belə tez ayağa qalxmağımdan narazı idilər. Amma insan istəyəndə hər şeyi edə bilir. Hətta xatırlayıram, bakalavrın birinci kursunda oxuyanda da bağırsağımdan əməliyyat olunmuşdum. Çox pis hiss etsəm də, evdə 1 həftə qalıb, sonra dərsə getdim. Xatırlayıram, həmin vaxt müəllimlər çox təəccüblənmişdilər ki, “niyə gəlmisən?”. Deyirdim ki, siz universitetdə maraqlı məlumatlar keçirsiniz, amma mən evdə darıxıram. Mənim üçün yeni şeylər öyrənmək həyatımda çox önəmli yer tutur.
Mənə elə gəlir ki, universitetimizdəki yaşlı müəllimlər hədsiz savadlıdırlar. Bəzən başqa universitetlərin tələbələri deyir ki, bizdə dərs “ötəri” keçirilir. Məəttəl qalıram ki, heç vaxt elə hadisələrlə rastlaşmamışam.
-Atanızın vəfatından sonra həyatınız necə dəyişdi?
- Atam hərbçi idi, biz Polşaya da getmişik, bir çox rayonlara da. O vaxtlar həyatımız maraqlı keçirdi. Atam şəhid olanda mənim 7, qardaşımın 10 yaşı var idi. Ondan sonra anam bizə dəstək oldu. O, dərzi idi. Çalışırdı ki, bizi heç kəsə möhtac etməsin, çətinlik çəkməyək, ata yoxluğu duymayaq. Amma atanı itirmək adamda psixoloji iz qoyur. Ata yoxluğu qəlbimdəki ən böyük yaradır. Atam oktyabrın 30-u doğulub, oktyabrın 23-ü şəhid olub. Qardaşım Emil isə oktyabrın 31-i şəhid olub. Oktyabr ayı bizim üçün çox ağırdır. Bu ayda özümü tənha hiss edirəm. Uzun müddət keçsə də, bu ağrını silə bilmərəm. İnsan gedir, dönmür, amma arxasında qalanlar onun yoxluğunu həmişə hiss edirlər. Artıq 30 ildir atam yoxdur, amma o boşluğum dolmur.
Həmişə kiminsə mənə yazığı gəlməsi pisimə gəlirdi. Çox adama atamın şəhid olduğunu demirdim. Şəhidlik zirvəsi hər adama qismət olmur. Mən onunla qürur duyuram. Atam və qardaşım bütöv Azərbaycan uyğunda şəhid olublar. Mən onlarla fəxr edirəm. Heç vaxt yazığı gəlinən adam olmaq istəməmişəm, başımı uca tutmuşam. Həyatımız çətin olub, amma heç vaxt nədənsə əskiklik çəkməyimizə anamız icazə verməyib. Bu gün istəklərimdən əl çəkməməyi, başımı uca tutmağı anamdan öyrənmişəm.
-Atanız siz Polşada yaşayanda Birinci Qarabağ müharibəsinin başladığından xəbər tutub, Vətənə qayıdıb. Polşada olduğunuz vaxt siz məktəbə gedirdiniz? Ya orada dostlarınız var idi?
-Biz Polşaya gedəndə 6 aylıq idim, qayıdanda isə 3 ya 4 yaşında olardım. Uşaqlıq xatirələrim heç yoxdur. Atamın cizgilərini ancaq şəkillərə baxıb xatırlayıram... Onun bizim yanımızda olduğu zamanlara dair xatirələrim silinib... Psixoloji travma yaşadığım üçün beynim atama dair hər xatirəmi sildi... Tək bir şeyi unutmuram, ad günümdə atam məni təbrik edirdi. Halbuki bizdə videolar var. Orada atamın yanında gəzirəm, danışıram, amma heç birini xatırlaya bilmirəm...
Deyirlər ki, “İnsana ağrı verən hadisələri beyin bağlayır ki, sən rahat həyat yaşaya biləsən...”.
-Doğrudur, xatirələr insana daha da əzab verir... Atanızdan sonra qardaşınızın müharibəyə getməyinə münasibətiniz necə idi?
-Heç vaxt qardaşımın şəhid olacağı barədə düşünməmişəm. O, hərbçi idi. Tez-tez görüşə bilmirdik. Qardaşım aprel döyüşlərində də iştirak etmişdi. Amma bu dəfə ön cəbhəyə getmək istəyirdi. Onun arzusu atamın Vətəni olan Zəngilanı azad etmək, onun intiqamını almaq idi.
Döyüşə yollandıqdan sonra Emillə əlaqə saxladıq. Dedi ki, “Atamın yurdundayam”. Qardaşımı həmin vaxt heç birimiz saxlaya bilməzdik, heç saxlamaq da istəməmişik. Çünki bu onun borcu idi. Azərbaycanlı hər bir kişinin torpaq uğrunda döyüşmək borcudur.
Bizə zəng gəldi ki, qardaşınız yaralanıb... Elə bil ki, gözümün önündə dağlar çökdü. O qədər çətin zamanlar yaşadım ki, onurğam ağrımağa başladı. Atamı itirəndə çox şeyi başa düşmürdüm, amma qardaşımı itirəndə hər şeyi anlayırdım. Həyatımın ən çətin anı onun övladlarına “Atanız artıq şəhiddir” demək oldu...
-Atanız hələ də itkindir?...
-Atamın cəsədi tapılmayıb. Qardaşım Fəxri Xiyabanda dəfn olunub. Biz ora gedib ürəyimizi boşalda bilirik, amma atamın heç yeri də yoxdur... Atamın cəsədi tapılmadığı üçün elə bilirəm ki, hələ də nəyəsə nöqtə qoyulmayıb. Məhz bu səbəbdən oktyabr gələndə özümə yer tapa bilmirəm.
-İnşallah tezliklə digər itkinlər kimi atanızın da nəşi tapılaraq, ailəsinə təhvil verilər. Qardaşınız hərbçi olduğu üçün onunla çox əlaqə saxlaya bilmədiyinizi bildirdiniz. Bəs onunla ən son nə zaman danışdınız?
-Qardaşım orada olanda bizə zəng vururdu. Bir dəfə oktyabrın 10-u zəng edəndə soruşdum ki, vəziyyət necədir? Dedi ki, yaxşı. Onda anam xalamgildə olduğundan ancaq mən danışa bildim. Amma anam 31 oktyabrda səhər qardaşımla danışmışdı. Ona görə də həmin gün şəhid olduğuna inana bilmirdik... Axı onunla səhər danışmışdıq...
Yaxşı ki, heç olmasa onunla danışa bildim... Yaxşı ki, onun nəşini həmin vaxt gətirdilər. Anam ondan bir müddət xəbər almasaydı, əminəm ki, ürəyi partlayardı. Yatıb-durub ondan zəng gözləyirdik...
-Nə yaxşı ki, danışmısınız... Heç yuxunuza gəlirlər?
-Atamı cəmi bir dəfə yuxumda görmüşəm. Qardaşım şəhid olmamışdan qabaq gördüm ki, atam bizə gəlib, amma mənə yaxınlaşmadı. Anam dedi ki, elə qardaşının arxasınca gəlmişdi...
Anam qardaşımı da, atamı da tez-tez yuxuda görür, onlarla danışır. Deyir ki, həmişə gülümsəyirlər.
Bilmirəm niyə mənim yuxuma gəlmirlər...
-Çox qəribədir...
-Qardaşım şəhid olandan sonra anamın yanında 40 gün ərzində cəmi 1 dəfə ağlamışam. Özümü çox saxlayırdım ki, anama pis təsir etməsin. O xalamgildə qalırdı, evə gələ bilmirdi. Mən evdə tək olanda ağlayırdım. Anamın yanında ağlasaydım o lap pis olardı...
Anam yasda hamını sakitləşdirirdi. Məəttəl qalıram ki, qadın necə belə güclüdür? Hərdən oyananda deyir ki, qardaşın yuxuma gəlmişdi. Həmin gün gedirik qəbirüstünə. Gedəndə anamın ürəyi rahatlayır.
İtki elə bir şeydir ki, danışıb-gülsən də, yadına düşəndə kövrəlirsən.