AZ

“Əsəd rejiminin fərmanı 8 ay əvvəl ABŞ-da Türkiyə ilə bərabər verilib” - ŞOK DETALLAR

“Suriyada baş verən çevriliş ABŞ və Türkiyə arasındakı razılaşma əsasında baş tutub. Tərəflər arasındakı bu razılaşma bu ilin əvvəlində - 7-8 mart 2024-cü il tarixlərində Vaşinqtonda keçirilən ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci toplantısında əldə olunub”.

Bu sözləri Musavat.com-a siyasi şərhçi Heydər Oğuz deyib.

OGUZ.jpeg

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin 9 mart 2024-cü ildə yaydığı məlumatda qeyd olunur ki, dövlət katibi Antoni Blinken və xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə martın 7-də başlayan Strateji Mexanizm toplantısında ABŞ Dövlət Departamentinin və Türkiyə Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi açıq, əməkdaşlıq, strateji müzakirələr aparılıb:

“Ardınca isə martın 8-də dövlət katibi Blinken və nazir Fidan arasında görüş keçirilib. Nazirlər terrorun bütün növləri və təzahürləri ilə mübarizə aparılmasının vacibliyini bir daha vurğulayıblar. Strateji Mexanizm çərçivəsində  ABŞ və Türkiyə milli təhlükəsizliklərinə təhdid yaradan terrorizmə qarşı əməkdaşlığı artırmaq, mütəşəkkil cinayətkarlıq və narkotik ticarəti ilə məşğul olan şəbəkələri yox etmək məqsədilə ABŞ-Türkiyə Terrorla Mübarizə Məsləhətləşmələrini yenidən başlatmağı qərarlaşdırıblar”.

Ukrayna savaşından Afrika gərginliyinə, Azərbaycan-Ermənistan münasibətlərinə qədər beynəlxalq gərginlik ocaqlarının bütün məqamlarının və aspektlərinin ələ alındığı görüşdə PKK və Suriya məsələsi də masaya yatırldığını deyən Heydər Oğuz Dövlət Departamentinin yaydığı mətbuat açıqlamasına istinad edərək vurğulayıb:

“Rəsmi açıqlamada qeyd olunur ki, Blinken ABŞ-ın Türkiyəni və Türkiyənin maraqlarını hədəf alan terror təşkilatları PKK, DHKP-C və İŞİD-i qınadığını bir daha tərəf müqabilinin diqqətinə çatdırıb. Sənəddə o da vurğulanır ki, Türkiyə və ABŞ rəsmiləri Suriya və İraqda İŞİD-i qalıcı olaraq məğlub etmək üçün ortaq qərarlı olduqlarını təkrarlayıblar, Afrika və Orta Asiyada İŞİD və Əl-Qaidə ilə əlaqəli təşkilatların yaratdığı təhlükəyə qarşı əməkdaşlığı müzakirə ediblər. Ən diqqət çəkən məqam isə bu cümlədir: “Nazir Fidan və nazir Blinken Suriya böhranının bütün aspektlərini müzakirə edib və Türkiyə və ABŞ-ın BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində Suriyalıların başçılığı altında və Suriyaya məxsus siyasi prosesə sadiqliklərini təkrarlayıb”.

FİDAN

“Suriyalıların başçılığı ilə Suriyaya məxsus siyasi proseslər” – sizə elə gəlmir ki, bu cümlədə 7-8 ay sonra baş verəcək proseslərin ümumi mənzərəsi öz əksini tapır? Yəni HTŞ lideri Colani ilə Suriya Milli Ordusunun başlatdığı birgə əməliyyatlar nəticəsində Bəşər Əsədin devrilməsindən söhbət gedir”.

Heydər Oğuzun iddiasına görə, Bəşər Əsədin devrilməsindən sonra Türkiyə rəsmilərinin PKK/YPG-nin taleyi ilə bağlı səsləndirdiyi tələblər də əslində ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci toplantısında qərara bağlanıb:

“Xatırlayırsınızsa, Bəşər Əsəd devrildikdən sonra ABŞ-ın dövlət katibi Antoni Blinken tələm-tələsik Ankaraya gəldi. O, əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla, sonra isə xarici işlər naziri Hakan Fidanla görüşdü. Üzərindən 1 gün keçəndən sonra Hakan Fidan Türkiyənin NTV kanalına verdiyi müsahibədə PKK və İŞİD üçün üç mərhələli təmizləmə prosesi sadaladı:

1) Xaricdən gələn PKK liderləri öz ölkələrinə getsin;

2) Əslən suriyalı olan PKK-çılar da ya ölkəni tərk etməli, ya da Türk ordusunun tapdağı altında əzilməyi gözə almalıdır;

3) Əli qana batmamış və məcburən PKK sıralarına qoşulan suriyalı gənclər qurulmaqda olan yeni dövlət strukturlarına inteqrasiya olunmalıdır.

İndisə gəlin, Dövlət Departamentinin ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci toplantısı barədə rəsmi mətbuat açıqlamasındakı mövzu ilə əlaqədar xüsuslara nəzər salaq:

“Türkiyə və Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində İŞİD-ə bağlı məhbusların və köçkünlərin öz mənşə ölkələrinə qaytarılmasının vacibliyini bir daha vurğulayıblar. Tərəflərin fikrincə, onlar vətənlərində reabilitasiya və öz icmalarına inteqrasiya oluna bilərlər. həmçinin lazımi hallarda məhkəmə qarşısına çıxarıla bilərlər”.

Göründüyü kimi, martın əvvəllərində keçirilən sözügedən toplantıda da terrorçuların islahı ilə 3 yol ön görülür: Vətənlərinə qayıtmaq və burada reablitasiya olunmaq və lazım gələrsə, məhkəmə qarşısında cavab vermək”.

Heydər Oğuz bildirib ki, Dövlət Departamentinin məlum sənədində yalnız bir yerdə PKK adı çəkilir və əksər yerlərdə isə konkret ad çəkilməsinə ehtiyatla yanaşılır:

“Bu da təsadüfi deyil. Sirr deyil ki, PKK/YPG ABŞ-ın sözdə müttəfiqi olaraq tanınıb. Sözsüz ki, ABŞ “mən öz müttəfiqimi qurban verdim” deyə bilməzdi. Yəqin bu səbəbdən də PKK adı sadəcə bir yerdə çəkilir və onun üzvləri barəsində əsasən köçkünlər kimi bəhs olunur”.

Siyasi şərhçinin fikrincə, Suriyadan sonra Türkiyənin növbəti hədəfi Cənubi Qafqaz olacaq və bu da məlum sənəddə dolayısıyla öz əksini tapıb:

“Dövlət Departamentinin mətbuat açıqlamasında qeyd olunur ki, “Fidan və Blinken Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə olunmasına kömək etmək üçün birgə işləmək öhdəliyi götürüblər və belə bir sazişin regional sabitliyə, əməkdaşlığa və çiçəklənməyə kömək edəcəyi barədə razılığa gəliblər”. Maraqlıdır ki, Türkiyəyə bağlı qrupların və HTŞ-nin Suriya əməliyyatı sırasında qardaş ölkənin rəsmi televiziyası olan TRT növbəti hədəfin Zəngəzur olacağı barədə anons paylaşmışdı. Fikrimcə, bu, gəlişigözəl sözlər deyildi. Məlumdur ki, II Qarabağ savaşı 2020-ci ildə Azərbaycanın tam qələbəsi ilə bitsə də və ermənilər Zəngəzur dəhlizini açmaq öhdəliyi götürsə də hələ ki, bu istiqamətdə hər hansı addım atılmayıb.

dehliz.jpg

Proseslərin ləngiməsinə İranın və Rusiyanın mane olduğu beynəlxalq birlik tərəfindən də müşahidə edilir. Mümkündür ki, Rusiyanın və İranın Cənubi Qafqazdan tamamilə əl-ayağının çəkməsi üçün regional inteqrasiya üçün vacib olan tarixi ərazilərimizin özümüzə qaytarılması barədə beynəlxalq razılıq əldə olunsun. Əks halda Ermənistan rus və fars basqıları altında qaldığından ondan gözlənilən addımı ata bilməyəcək. Bu isə Qərb dövlətlərinin regionla bağlı geosiyasi hədəflərini reallaşdırmasına mane olacaq. Sözsüz ki, Qərb dünyasının və Türkiyənin Azərbaycandan başqa gözləntiləri də ortaya çıxacaq. Söhbət bəzi mühüm demokratik islahatlardan gedir”.

Heydər Oğuz hesab edir ki, bu qədər mühüm qərarların məhz 7-8 mart 2024-cü il tarixində Vaşinqtonda verilməsi də təsadüfi deyildi:

“Bilirsiniz ki, 2024-cü ilin iyun ayında NATO-nun Vaşinqton sammiti keçiriləcəkdi. ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci toplantısının sammitdən əvvəl toplanması da bu mənada başadüşüləndir. Çünki Cənubi Qafqazdan Suriyaya, Orta Asiyaya və Ukraynaya qədər geniş coğrafiyaya aid planlaşdırmalar sammitdən öncə hazırlanmalı və müttəfiqlərin hüzuruna çıxarılmalı idi. Görünür, həmin Strateji Mexanizm toplantısı da məhz bu məsələləri müzakirə etmək və qarşıdakı hədəfləri müəyyənləşdirmək üçün keçirilirdi. Türkiyənin NATO-nun şərq qanadının aparıcı müttəfiqi olduğunu nəzərə alsaq, bu qədər mühüm vəzifələrin ona həvalə edilməsi qardaş ölkənin qlobal geosiyasi proseslərdə önə çıxdığından xəbər verir və bu, bizim üçün də sevindiricidir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr