AZ

Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA

Son günlərin təhsil sahəsində ən çox müzakirə edilən məsələlərdən biri 1500 məktəbin bağlanması xəbəridir. Belə ki, bu barədə ilk dəfə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin iclasında danışıb. O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.Emin Əmrullayev isə sözügedən məlumatı təkzib edib. O qeyd edib ki, xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:1. Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq."Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir", - nazir qeyd edib.Beləliklə, nazirin sözlərində aydın olur ki, bəzi məktəblər bağlanacaq, bəziləri birləşdiriləcək, bəzilərinin tipi dəyişdiriləcək və digər addımlar atılacaq.Bəs həmin məktəblərin müəllimlərinin taleyi necə olacaq?TehsilForumu.Az xəbər verir ki, Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, məktəblərin rasionallaşdırılması adambaşı maliyyələşmə sisteminə keçid üçün əsas addımlardan biridir:“Bu yanaşma azsaylı şagirdi olan məktəblər üçün ayrılan vəsaitin daha məqsədyönlü istifadə edilməsinə və şagirdlərə daha yüksək keyfiyyətli təhsil şəraiti yaratmağa xidmət edir. Hazırda ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbdən 1500-də şagird sayı 100-dən aşağıdır. Bu isə həmin məktəblər üçün ayrılan vəsaitin şagird başına düşən hissəsinin çox yüksək olması ilə yanaşı, təhsil keyfiyyətində problemlərə səbəb olur. Bəzi hallarda, belə məktəblərdə şagird üçün xərclər özəl məktəblərin illik təhsil haqqını belə üstələyir. Məsələn, cəmi 5 şagirdi olan məktəblərdə bu xərclər 25-27 min manat, 10-15 şagirdi olan məktəblərdə isə 13-15 min manat arasında dəyişir. Son tədris ilində 10-dan az şagirdi olan 142 məktəb birləşdirilib və ya profilləri dəyişdirilib. Bu prosesin əsas məqsədi şagirdlərə daha geniş imkanlar təqdim etmək və təhsil səviyyəsini artırmaqdır. Bununla yanaşı, bəzi məktəblərdə peşə yönümlü siniflər açılıb, digərlərinin fəaliyyəti isə yeni istiqamətlərə yönləndirilib.Bu dəyişikliklər, əhali miqrasiyası və kənd yerlərində şagird sayının azalması kimi obyektiv səbəblərlə əlaqədardır. Şəhər və rayon mərkəzlərinə köçlərin artması nəticəsində bəzi bölgələrdə şagird sayı kəskin azalıb, bu da həmin məktəblərin effektivliyini azaldıb. Bu səbəbdən, belə məktəblərin birləşdirilməsi və ya yenidən formalaşdırılması qaçılmazdır”.

Seçilən
3
3
tehsilforumu.az

9Mənbələr