Trampın xüsusi nümayəndəsi Moskvaya səfər edə bilər
Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq gələn ay Kiyevə səfər etmək niyyətindədir. Dəvət olunarsa, o, Moskvada da görüşlərə etiraz etməyəcək.
Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Vəziyyətlə tanış olan şəxsin sözlərinə görə, Kelloq London, Paris və Romaya da səfər etməyi planlaşdırır.
Nəşrin mənbəsi əlavə edib ki, belə planlar hələ yekunlaşmayıb.
“2022-ci ilin fevralında Ukraynanın işğalından sonra Rusiyaya qarşı tətbiq edilən bir sıra sanksiyalar fonunda Trampın 20 yanvarda andiçmə mərasimindən sonra Kelloqun Moskvaya səfər etmək istəyi Amerika rəsmisi üçün fövqəladə addım olardı”, - “Bloomberg” qeyd edib.
Həmsöhbət vurğulayıb ki, səfər hər hansı konkret siyasi məqsədin həyata keçirilməsinə deyil, məlumat toplamağa yönələcək.
Qeyd edə ki, D. Trampın komandası “Bloomberg”in belə bir planlaşdırılan səfərlə bağlı sorğusuna hələ cavab verməyib.
Xatırladaq ki, bundan əvvəl “Röyter” Keyt Kelloqun Kiyevə və digər Avropa paytaxtlarına səfər etməyi planlaşdırdığını bildirmişdi.
E. KAMAL