Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyi tərəfindən “Şavkat Mirziyoyev fenomeni" kitabının təqdimatı olub.
APA xəbər verir ki, təqdimat mərasimində bir sıra ictimai xadimlər, ədəbiyyat nümayəndələri, eləcə də, media mənsubları iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə ölkəmizə dəvət olunan Özbəkistan nümayəndə heyəti "Şavkat Mirziyoyev fenomeni" kitabının təqdimat mərasimi çərçivəsində M.F. Axundov adına Milli Kitabxanada daimi özbək guşəsini ziyarət edib. Guşədə sərgilənən özbək dilindəki nəşrlər barədə qonaqlara geniş məlumat verilib. Özbək yazıçıları və millət vəkilləri bu guşənin xalqlarımız arasındakı mədəni və ədəbi bağların simvolu olduğunu vurğulayıb. Bu daimi guşənin fəaliyyəti iki xalqın ədəbi irsinin qarşılıqlı tanıdılması və mədəni əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib. Daha sonra tədbir kitabxananın konfrans zalında davam etdirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq kitabın əhəmiyyəti barədə söhbət açıb.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələrdən, ədəbi körpülərdən bəhs edərək son onilliklər ərzində görülən işlərə nəzər salıb. “Şavkat Mirziyoyev fenomeni" kitabının nəfis tərtibatı, tərcümə keyfiyyəti və mahiyyəti haqqında fikirlərini bölüşüb və kitabın Azərbaycanda çap olunmasını təqdirəlayiq addım kimi qələmə verib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışına Özbəkistanın zəngi tarixi və mədəniyyəti, İslam dünyasına bəxş etdiyi din alimləri barədə fikirləri ilə başlayıb. Daha sonra Şavkat Mirziyoyevin uğurlu siyasəti, Prezident İlham Əliyevlə dostluğu və bu dostluğun ölkələrarası əlaqələrə müsbət təsirindən bəhs edib, bu əlaqələrin gələcəkdə də davam etməsini arzulayıb. AYB-nin sədri, Xalq yazıçısı Anar özbək yazıçı və şairlərin bədii nümunələrinin ümumtürk ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. O qeyd edib ki, iki xalqın ədəbi əlaqələrinin belə sıx olması hər iki ölkənin ədəbiyyatının inkişafına müsbət təsiri var. 85 illiyində Şavkat Mirziyoyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xüsusi minnətdarlıqla qeyd edən yazıçı bunu Özbəkistan Prezidentinin Azərbaycan ədəbiyyatına diqqətinin nümunəsi kimi qiymətləndirib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Murad Hüseynov Azərbaycan və Özbəkistan mədəni əlaqələrinin ildən ilə inkişafı, incəsənət nümunələrinin təbliği istiqamətində görülən işlər barədə söhbət açıb. Nazir müavini gələcəkdə də sözügedən əlaqələrinin davam etdiriləcəyini deyib.
Tədbirdə Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov, Azərbaycan Milli Məclisinin deputatı Polad Bülbüloğlu, Özbəkistanın Əməkdar jurnalisti, yazıçı Xurşid Dostmuhammad, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Özbəkistan xalq şairi, Senat üzvü Mahmud Toir, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan- Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Qayrat Məcid, Azərbaycan Milli Məclisinin deputatı Anar İsgəndərov, "Şavkat Mirziyoyev Fenomeni" kitabının tərcüməçiləri - şair Akif Azalp, ədəbiyyatşünas Yaşar Qasımbəyli, Özbəkistan Respublikası Senatının üzvü, "Vətən" jurnalının baş redaktoru, kitabın özbək dilindəki bədii redaktoru Husan Ermatov və digər qonaqlar çıxışlarında bu kitabın siyasi jurnalistikada özünəməxsus yenilik olduğu, eləcə də Azərbaycan oxucuları və siyasətçiləri üçün vacib bir vəsait rolun oynayacağını vurğulayıblar.
Qeyd edək ki, Qüdrətülla Rəfiqovun müəllifi olduğu bu kitab Azərbaycanın "Təhsil" nəşriyyat evində çap olunub. Kitabın ön söz müəllifi Şeyxülislam Allahşükür Paşazadədir. Ana dilimizdə işıq üzü görən nəşrin redaktoru Mustafa Çəmənli və Qulu Kəngərlidir.
Kitab geniş ictimaiyyət nümayəndələri, siyasi elmlər istiqamətindəki ali təhsil müəssisələrinin müəllim-professor heyəti və tədqiqatçılar üçün nəzərdə tutulub.
Xatırladaq ki, bu kitab Özbəkistan Prezidentinə dost ölkəyə COP29 Beynəlxalq Konfransı çərçivəsindəki səfəri zamanı təqdim edilib.