AZ

Yeniyetmə ukraynalıların qatilləri cəzasını aldı

Fevralda Almaniyada iki ukraynalı basketbolçunu qətlə yetirən dörd yeniyetmə həbs cəzasına məhkum olunub. “Stern” nəşrinin yaydığı xəbərə görə, azadlıqdan məhrum olunanların hər biri 8,5 – 10 il məhbus həyatı yaşayacaq. Onların heç biri yetkinlik yaşına çatmayıb.

Xatırladaq ki, fevralın 10-da 17 yaşlı ukraynalı Vladimir Yermakov və onun 18 yaşlı həmvətəni Artyom Kozaçenko (gənclərdən ibarət “ART Giants” basketbol komandasının oyunçuları) avtobusla Oberhauzendən Düsseldorfa yollanıb. Münaqişə də elə avtobusda baş verib: ukraynalılar 4 yeniyetmə ilə mübahisə edib, onlar isə ardından vağzalda Vladimirlə Artyomun üzərinə bıçaqla hücum çəkib. Yermakov aldığı yaralardan elə hadisə yerində, Kozaçenko isə 10 gündən sonra xəstəxanada ölüb.

Hücum edənlərin cinayət üçün heç bir əsası olmayıb. “Zeit” nəşri polisə istinadla iddia edir ki, cinayət ksenofobiya zəminində baş verməyib. DPA isə xəbər verir ki, qatillər heç bir əsas olmadan hərəkət edib – onlar əvvəlcədən razılaşıblar ki, qarşılarına çıxan ilk adamla münaqişəyə girişəcəklər. Məhkəməyə çıxarılanlardan üçü əvvəllər də fərqli cinayətlər törədib.

Essen məhkəməsi qatillərin hər birinə 8,5–10 il arası iş kəsib. Cinayət anında onların yaşı 14-16 arasında olub. Onlardan ikisi suriyalı, biri türk əsili almaniyalıdı, daha birinin isə həm Almaniya, həm də Yunanıstan pasportu var.

Mühakimə olunanlar yetkinlik yaşına çatmadığına görə proses bağlı qapılar arxasında keçirilib. Mərhumlardan birinin valideynləri də məhkəmə iclasına qatılıb. O da qeyd olunur ki, bütün cinayatkarlar günahını boynuna alıb, valideynlərdən üzr istəyib. Əlbəttə, bu üzrxahlıq indi artıq heç nəyə yaramır. Vladimirlə Artyomun valideynləri övladlarını əbədi itiriblər...

Seçilən
7
football-plus.az

1Mənbələr