AZ

Nazir: Azərbaycan beynəlxalq antidopinq siyasətini hər zaman dəstəkləyir

Bakı,18 dekabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə hökumət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, antidopinq sahəsində səylər çox önəmlidir: “Bildiyiniz kimi, idmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP-9) növbəti Bürosunun vitse-prezidentiyəm. Bir neçə gün əvvəl Estoniyada növbəti görüşüm oldu. Görüşdə ölkələrin antidopinq siyasətinə necə dəstək ola biləcəyi, bəzi ölkələrin qanunlara dəyişiklik etməsinin önəmi kimi mövzular müzakirə olunub. Dopinqlə mübarizə sahəsində geniş istiqamətli müzakirələrə ehtiyac duyulur. Azərbaycan beynəlxalq antidopinq siyasətini həmişə dəstəkləyir və Ümumdünya Antidopinq Agentliyi ilə həmrəylik nümayiş etdirir. İnanıram ki, dəyirmi masada maraqlı təkliflər və ideyalar ortaya çıxacaq və bu istiqamətdə əməkdaşlıq müzakirə olunacaq”.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə antidopinq sisteminin inkişaf etdirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə daha yaxşı və maraqlı təşəbbüslərin olduğunu diqqətə çatdırıb. Qurum rəhbəri qeyd edib ki, bugünkü dəyirmi masada həmin təşəbbüslər bölüşüləcək, fikir mübadiləsi aparılacaq, eləcə də təhsilin antidopinq sahəsində ən önəmli faktor olduğunu nəzərə alaraq, beynəlxalq təhsil mərkəzinin yaradılması da tədbirin əsas mövzularından biri kimi müzakirə ediləcək.

Dəyirmi masada, həmçinin antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmana nail olmaq üçün təhsil və maarifləndirmənin inkişafı, asılılıqdan uzaq gələcək üçün tərəfdaşlıq və əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

 

Seçilən
2
2
azertag.az

3Mənbələr