“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", səviyyəsinə yüksəldib, reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.
Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. Qeyd edilib ki, bu qərar şirkətin maliyyə risklərinin daha güclü idarə olunması və kapitalın dayanıqlılığı ilə bağlı müsbət dəyişiklikləri əks etdirir.
“S&P Global Ratings” agentliyinin açıqlamasında bildirilir ki, “PAŞA Sığorta” 2024-cü ildə Azərbaycanın sığorta bazarında lider mövqeyini qoruyub saxlayır. Şirkətin ümumi sığorta haqları 2024-cü ilin ilk 10 ayı ərzində 264 milyon AZN təşkil edib ki, bu da bazarın böyük hissəsini əhatə edir. Belə ki, qeyri-həyat sığorta sektorunda şirkətin bazar payı 2023-cü illə müqayisədə 49%-dən 53%-ə qalxmışdır, Əlçətan müştəri xidmətləri, brendin tanınma faizinin yüksək olması və diversifikasiya olunmuş biznes modeli şirkətə rəqabət üstünlüyü təmin edir.
“S&P Global Ratings” in reytinq üzrə “Sabit” proqnozu isə “PAŞA Sığorta”-nın rəqabət üstünlüklərini, yüksək kapital adekvatlığı və sabit aktiv keyfiyyətini növbəti 12 ay ərzində qoruyacağına dair gözləntiləri əks etdirir.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.