AZ

Bu proseslər müəllimi çarəsizləşdirir, onun cəmiyyət qarşısındakı nüfuzunu sarsıdır



Müəllim uşağı stolla vurub və bu hadisədən sonra məktəb rəhbərliyində çalışan direktor işindən azad edildiyi deyilir. Bu cür hallar cəmiyyət tərəfindən izlənir, valideynlər və uşaqlar tərəfindən görür. Belə bir vəziyyətdə uşaqların davranışlarında sərbəstlik artır, müəllimin nüfuzu isə zəifləyir. Müəllimi və ya direktoru işdən çıxarmaq nisbətən asan bir prosesdir. Lakin eyni ədalət prinsipi ilə uşağa da ciddi cəza tətbiq etmək, hətta müəyyən hallarda məktəbdən uzaqlaşdırmaq mümkün olmalıdır.

Beynəlxalq Uşaq Konvensiyasına əsasən, hər bir uşağın təhsil almaq hüququ var. Məktəblərin uşağı təhsil müəssisəsindən çıxarmaq səlahiyyəti yoxdur. Uşaq yalnız cinayət törətdiyi halda xüsusi təhsil müəssisələrinə göndərilir, burada da təhsilini davam etdirir. Bu halda belə suallar yaranır: müəllimin hüquqları nə olacaq? Bir müəllim təzyiq nəticəsində özünü intihara çatdırarsa və ya cinayət baş versə, bu vəziyyətin hüquqi məsuliyyətini kim daşıyacaq?

Allah eləməsin belə bir hadisə baş versə, maraqlıdır onda kim cəzalandırılacaq? Varmı bunun hüquqi və mənəvi əsası?

Bir çox halda uşaqların özləri qaçarkən divara dəydikləri və ya kiçik bir cızıq aldığı halda, bəzi valideynlər heç bir araşdırma aparmadan bir başa hüquq-mühafizə orqanlarına müraciət edir. Sonra isə həmin valideynə vəziyyət izah olunur, amma proses artıq müəllim və məktəb üçün ciddi problemlərə səbəb olur. Belə bir atmosferdə, belə bir təzyiq mühitində təhsilin keyfiyyətindən və nizam-intizamdan danışmaq nə qədər mümkündür?

Bu proseslər müəllimi çarəsizləşdirir, onun cəmiyyət qarşısındakı nüfuzunu sarsıdır. Nəticədə müəllim cəzalandırılır, amma bu həddə gətirən uşağa heç bir ciddi tədbir görülmür. Məktəblərin uşağı təhsil müəssisəsindən çıxarmaq üçün qanuni prosedurları olmadığı halda, tərbiyəvi tədbirlər yetərsiz qalır. Bu balanssızlıq müəllimlərin çətin vəziyyətə düşməsinə, məktəb mühitində intizamın pozulmasına və nəticədə təhsilin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Tural Abbasquliyev
Seçilən
11
newscenter.az

1Mənbələr