AZ

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Fəaliyyəti boyunca Azərbaycanın hər bölgəsində xeyirxahlıq işlərinə imza atan, minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondunun rəsmi fəaliyyətə başlamasından 4 il ötür. Fond ötən gün bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış “Ürəksən” adlı tədbirdə bir araya gətirib.

Kapital Bank-ın nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Yusif Poladov açıb. O, çıxışında “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların müdafiəsi” istiqamətlərində Fondun 2024-cü ilə dair hesabatını təqdim edib. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər də yer alıb. Belə ki, 2024-cü il ərzində Fonda 4 505 donor tərəfindən ümumilikdə 1 milyon 870 min manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 196 könüllünün iştirakı ilə 4 019 benefisiara dəstək göstərilib.

Tədbirin davamında Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova çıxış edərək Kapital Bank-ın korporativ sosial məsuliyyət strategiyasında Qırmızı Ürəklər Fondunun rolundan danışıb. “Qırmızı Ürəklər Fondunun ideyası bir neçə əməkdaşın təşəbbüsü ilə yaranmışdı. 4 il çox uzun vaxt olmasa da Fond bu müddətdə ətrafına xeyli könüllü toplaya, böyüyə və cəmiyyətimiz üçün çox dəyərli işlərə imza ata bildi. Bu olduqca əzmli və qürurverici yol oldu. Mən bu yolda bizimlə davam edən bütün könüllülərimizə, dəstək göstərən xeyirxah insanlara təşəkkürümü bildirirəm”.

Tədbirdə həmçinin Fondun Himayəçilik Şurasının üzvü Günay Məssimova Fondun uğurlarında könüllülərin rolundan danışaraq onlara təşəkkürünü bildirib.

Seçilən
1
26
publika.az

10Mənbələr