AZ

"Dərin oyunun" başlanğıcı: Suriyada problemlərin iti bucağı bundan sonra start götürəcək

Əgər İsrail Əsəd rejiminin devrilməsindən sonra işğal etdiyi ərazilərdən qüvvələrini geri çəkməsə, biz bununla bağlı tədbir görəcəyik.
Bu barədə Bəşər Əsədin süqutundan sonra Suriyada hakimiyyətə gələn müxalif “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd Colani deyib.
Qeyd edək ki, dekabrın 8-də Əsəd rejiminin devrilməsindən sonra İsrail ordu bölmələri Qolan təpələri istiqamətində bufer-zonaya daxil olub.

Politoloq Tofiq Abbasov "Sherg.az"a deyib ki, İsrail əvvəldən öz tədarükünü gördü ki, Suriyanın yeni hakimiyyətini fakt qarşısında qoysun:

"İsrail Suriyada bütün cəbhəxanaları, hərbi-sursat saxlama yerlərini, aeroport və uçuş zolaqlarını sıradan çıxardı. Orada külli miqdarda hərbi texnika, artilleriya qurğuları və s. batdı. Bir sözlə İsrail artıq yeni Suriyanı tərk-silah etdi. Həmçinin ordu birləşmələrini önə çıxarmaqla göstərdi ki, onun niyyəti son dərəcə təhlükəlidir. Yəni Netanyahu hakimiyyəti əlindən gələni edir ki, yeni hökumət ona hərbi cəhətdən heç bir müqavimət göstərə bilməsin. Bundan sonra isə İsrail öz həyat arealını genişləndirsin. Qəzza bölgəsi artıq yox səviyyəsindədir. Çünki İsrail qoşunları onu yerlə-yeksan etdilər. Burada ən böyük narahatlılığı doğuran, təəccüb və hiddət yaradan Qərb dünyasının, xüsusilə də ABŞ-ın bu məsələyə dözümlü yanaşmasıdır. Çünki faktiki olaraq İsrail bölgə ölkələrinin hamısına, o cümlədən də Türkiyəyə meydan oxuyur. Digər tərəfdən Türkiyə və İsrail Bəşər Əsədi devirmək üçün əlbir oldular. Onların birgə planı var idi. Buna baxmayaraq Türkiyə hökümətinin nümayəndələri İsraili qınayırlar, Hitlerə bənzədirlər. Lakin onlar da taktiki qazanc üçün potensial düşmənlə sövdələşməyə gedirlər".

Politoloqun sözlərinə görə, Suriyada problemlərin iti bucağı bundan sonra başlayacaq:
"Yeni hökumətin formalaşması çox ağrılı prosesə çevriləcək. Meydanda qatı islamçılar, radikal millətçilər və din xadimlərindən başlayaraq mötəbillərə qədər müxtəlif şəxslər var. Bunlar hamısı gərək birlikdə konsensus yaradıb hökumət qursunlar. Bu, keçid hökuməti olmalıdır. Digər tərəfdən parlament seçkiləri keçirilməli və konstitusiyanın təməli qoyulmalıdır. Qarşıda görüləcək işlərin həm mahiyyəti, həm də vacibliyi həddən artıq böyükdür. Onları həyata keçirmək üçün sabiq şərait yaratmaq lazımdır. İlk növbədə ən mühüm tələb odur ki, atəşkəs rejimi qeyd-şərtsiz qüvvəsini saxlasın. Amma çətin ki o iddialar və ambisiyalar ortaya çıxdığı halda hər hansı bir qüvvə öz gücünü göstərmək üçün silahdan imtina etsin. Adətən belə vəziyyətlərdə təhrikçi mövqedən çıxış edən qüvvələr çalışırlar salmağa çalışırlar ki, sabitlik yaranmasın. Eyni zamanda qüvvələr nisbəti bəlli olsun ki, kimin arxasında nə olduğu və gücü bilinsin. Bir çox mütəxəssislər və təhlilçilər deyirlər ki, guya bu oyunda qaliblər və məğlublar var. Bununla razılaşmaq lazımdır. Ancaq həm qaliblər, həm də məğlublar nisbidirlər. Bu hələ "dərin oyunun" başlanğıc hissəsidir. Bəşər Əsədin hakimiyyətdən uzaqlaşması hələ heç bir şey demək deyil. Yəni Suriya yerində qalır. Amma onun gələcəyi və taleyi, hansı sərhədlərdə öz mövcudluğunu qoruyub saxlayacağı, tərkibinin kimlərdən ibarət olacağı və s. sual altındadır. Bu suallara cavab tapmaq üçün ilk növbədə Suriyanın vətənpərvər qüvvələri öz sözünü deməlidir. Əminliklə demək olar ki, hələ uzun vaxt sabitlik olmayacaq".
Seçilən
8
sherg.az

1Mənbələr