AZ

“Şavkat Mirziyoyev Fenomeni” kitabının təqdimatı KEÇİRİLDİ – FOTO

Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə həsr olunmuş “Şavkat Mirziyoyev Fenomeni” kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə ictimai xadimlər, Özbəkistanın tanınmış ziyalıları, ədəbiyyat nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbirin moderatoru, Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələrdən və iki xalq arasında ədəbi körpülərdən danışıb. O, həmçinin kitabın tərtibatını yüksək qiymətləndirərək, onun bu iki dost ölkənin əlaqələrinə töhfə verəcəyini vurğulayıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Özbəkistanın zəngin tarixi və İslam dünyasına bəxş etdiyi görkəmli alimlərdən söz açıb. O, Şavkat Mirziyoyevin uğurlu siyasətindən, Prezident İlham Əliyevlə olan yaxın dostluğundan və bu dostluğun ölkələrarası əlaqələrə müsbət təsirindən bəhs edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə çıxışında Özbəkistanın ədəbiyyat sahəsindəki töhfələrini vurğulayaraq, ümumtürk ədəbiyyatında özbək şair və yazıçılarının xüsusi yer tutduğunu qeyd edib.

Bundan əlavə, mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında iki ölkə arasında mədəni əlaqələrin inkişafından və gələcəkdə bu istiqamətdə görüləcək işlər haqqında fikirlər səsləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli də çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana olan xüsusi diqqətini vurğulayaraq, onun ilk xarici səfərini Azərbaycana etməsinin dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini bildirib.

Qeyd edək ki, tədbirdə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov, Azərbaycan Milli Məclisinin deputatı Polad Bülbüloğlu, Özbəkistanın Əməkdar jurnalisti və yazıçı Xurşid Dostmuhammad, eləcə də bir çox digər ictimai və siyasi xadimlər iştirak ediblər. Təqdimatı keçirilən kitab geniş ictimaiyyət, siyasi elmlər üzrə tədqiqatçılar və ali təhsil müəssisələrinin müəllim-professor heyəti üçün nəzərdə tutulub.

Samir Məcidov

Seçilən
8
yenicag.az

1Mənbələr