“Kursk bölgəsində yüzlərlə Şimali Koreya əsgəri ölüb və ya yaralanıb. Bu, Rusiya tərəfində döyüşən KXDR kontingentinin itkiləri ilə bağlı ilk təxmindir”.
“AzPolitika” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi (AP) və “The New York Times” qəzeti Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti ölənlərin dəqiq sayını açıqlamayıb, lakin Şimali Koreya qoşunları arasında döyüş təcrübəsinin olmaması səbəbindən əhəmiyyətli itkilər olduğunu qeyd edib. ABŞ Müdafiə Nazirliyi bildirir ki, Şimali Koreya piyadaları döyüşlərdə iştirak edir, həm rus bölmələri ilə birlikdə, həm də müstəqil şəkildə hücumlar həyata keçirir.
Bundan əvvəl Pentaqon və Ağ Ev Şimali Koreya hərbçilərinin Kursk bölgəsində ilk döyüşlərdə itkiləri barədə məlumat versə də, təfərrüatları açıqlamamışdı. “Associated Press” iddia edir ki, Rusiya Ukraynaya qarşı müharibədə ölü və yaralı olaraq hər gün 1200-ə qədər hərbçi itirir. Lakin müqaviləli döyüşçülərin hesabına indiyədək şəxsi heyətin itkisi kompensasiya edilib.
Oktyabr ayında, ABŞ və Cənubi Koreya kəşfiyyatının məlumatına görə, 10-12 min Şimali Koreya əsgəri Rusiyaya gəlib və Kursk bölgəsində yerləşdirilib. AP-nin hesablamalarına görə, rus qoşunları Ukraynanın avqust ayında başlayan hücumu zamanı itirilmiş Kursk vilayətində ərazinin 20%-ni geri alıb.
“AzPolitika.info”