AZ

Dekabrın 18-də hakimiyyətin nəzarəti altında olan bir sıra KİV-lər Azərbaycanın bir neçə xarici ölkədəki səfirliklərində çalışmış keçmiş  diplomat Ramiz Vəliyevin həbs edildiyi haqqında məlumat yayıb.

"Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi məlum olub", deyə məlumatda qeyd edilir.

Vəliyev hökumət əleyhinə fəaliyyətdə və hansısa xarici qüvvələrlə əməkdaşlıqda ittiham olunur.

"O və onun kimi bir neçə şəxsdən ibarət olan dəstə şəbəkə formasında dövlət içərisində dövlətçilik etmək niyyətinə düşmüş təşkilat tərəfindən idarə olunub. Həmin təşkilat şərti olaraq “Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb. Şəbəkə üçün çox mükəmməl təhlükəsizlik parametrləri olan internet resursu yaradılıb və onun ixtiyarına verilib, dövlətə qarşı informasiya təxribatları və istintaqla araşdırılmalı olan diversiyalar törədilib. R.Vəliyevin fəaliyyəti kuratorları Niyaz və Toğrul adlı şəxslər tərəfindən idarə olunub", deyə nəşrdə bildirilir.

Şəbəkə Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici ölkələrə səfər edən zaman Bakıdakı kuratorları vasitəsilə təlimatlar alaraq həmin ölkələrin Xarici İşlər Nazirliklərinə, Azərbaycana düşmən kəsilmiş media resurslarına kompromatlar ötürüb.

Vəliyevin qrupu həmçinin xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən “Azad Söz”, “Azərbaycan Saatı” və digər resurslara da Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti haqqında məlumat ötürür və bu qurumu nüfuzdan salmağa çalışırdı.

Daha sonra materialda Vəliyevin komandasının Bakıda hansısa oliqarxlarla əməkdaşlığından və xarici xüsusi xidmətlərin pul vəsaitlərini Azərbaycana çatdırmasından bəhs edilir.

Eyni zamanda, materialda Vəliyevin qrupunun hələ də Azərbaycanın xaricdəki səfirliklərində gizlənən üzvlərinin ünvanına təhdidlər yer alır.

"Göründüyü kimi, həm şəbəkə, həm də onu təşkil edərək istiqamətləndirənlər artıq ifşa olunub. Əminliklə demək olar ki, istintaq prosesi zamanı əlavə yeni detallar, simalar üzə çıxacaq. Çünki ölkəmizin bəzi diplomatik nümayəndəliklərində yatan hüceyrələr hələ də qalmaqdadır. Buna görə də indi gizlində olduqlarını zənn edənlər yaxşı-yaxşı fikirləşməlidirlər. Hələ ki gec deyil, haqqa gəlməyin vaxtıdır, R.Vəliyev kimi istifadə olunub sonra da atılmaqdan sığortalana bilərlər. Bunun üçün ziyanlı yoldan dönmək və səmimi etiraf ən düzgün çıxış yoludur. Son dövrlərin uğurlu əməliyyatları da göstərir ki, ölkədaxili və xaricdəki antimilli ünsürlər ifşa olunur və qanun qarşısında cavab verirlər", deyə məqalədə bildirilir.

Qeyd edək ki, materialda sadalanan "cinayətləri" təsdiq edən konkret məlumat və fakt yoxdur. Ramiz Vəliyevin nə vaxt və hansı ittihamla həbs edildiyi də məlum deyil.

Mahiyyətcə bu material dövlət orqanlarından xüsusi məlumat sızıntısının klassik nümunəsidir. Məqalədə təqsirsizlik prezumpsiyası və istintaq sirr pozulur. Jurnalistika etikası prinsiplərinə raiyət olunmasından isə söhbət belə gedə bilməz.

Dövlət Təhlükəsizliyi Xidməti bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Seçilən
8
turan.az

1Mənbələr