AZ

Avropa İqtisadi Komissiyasının direktoru: Azərbaycan aşağıkarbonlu hidrogen istehsalçısı olmaq üçün bütün imkanlara malikdir - MÜSAHİBƏ

Bakı, 18 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

BMT-nin Avropa İqtisadi Komissiyasının Davamlı Enerji Bölməsinin direktoru Dario Liquti bərpaolunan enerji, Azərbaycanın bu enerjiyə keçidi, Avropanın yaşıl enerji hədəfləri ilə bağlı AZƏRTAC-a eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik:

-Cənab Liquti, Azərbaycan bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisini ixrac edən ölkəyə çevrilməyi planlaşdırır. Ölkəmizin bu istiqamətdə imkanlarını necə qiymətləndirirsiniz?

-Azərbaycanın quruda və ən əsası dənizdə bərpaolunan enerjinin, xüsusən də günəş və külək enerjisinin inkişafı üçün istifadə olunmamış əhəmiyyətli potensialı var. Ölkədə mədən yanacaqlarından istifadənin mərhələli şəkildə dayandırılması, enerji səmərəliliyinə investisiya qoyuluşu və aşağıkarbonlu enerji texnologiyalarının tətbiqi ilə yanaşı, bərpaolunan enerjiyə sərmayə qoyuluşu iqtisadiyyatın dekarbonizasiyasına mühüm töhfə verə bilər. Neft və qaz ölkənin ümumi enerji təchizatında üstünlük təşkil edir ki, qeyd olunan amil bərpaolunan enerjinin payını aşağı salır. Bu, Azərbaycanı regionda CO2 emissiyalarının mühüm mənbəyinə çevirir, enerji sektoru ümumi emissiyaların təxminən 85 faizini təşkil edir. Azərbaycan aşağıkarbonlu dərin elektrikləşdirməni bütün sektorlarda genişləndirməlidir. Elektrik enerjisinə tələbatın növbəti onillikdə əhəmiyyətli dərəcədə artacağı və elektrik enerjisi istehsalının əksəriyyətini təbii qazın təşkil etdiyi bir şəraitdə Azərbaycan əsrin ortalarına qədər karbon neytrallığına nail olmaq üçün bərpaolunan enerji istehsalını əhəmiyyətli dərəcədə artırmalıdır.

Təcrübəmiz göstərir ki, tələb olunan səviyyədə kapital axınına üç məsələ mühüm maneədir: İqlim layihələrinin sponsorları və investorları üçün meyarlar razılaşdırılmayıb, bazarlar parçalanmış və sektorlar yetişməmiş olduğundan maliyyə tələblərini ödəmək çətindir, investorun risk qavrayışı, xarici valyuta dəyişkənliyi yüksəkdir. COP29-da bu boşluqların bəzilərini aradan qaldırmaq məqsədi ilə BMT-nin Avropa İqtisadi Komissiyası bərpaolunan enerjiyə keçidi sürətləndirmək və Mərkəzi Asiyada keçid dövrünün maliyyəsini genişləndirmək üçün Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə (IRENA), Azərbaycanın Energetika Nazirliyinə və COP29 Sədrliyinə qoşuldu.

-Azərbaycan qlobal yaşıl gündəliyin həyata keçirilməsinə hansı töhfəni verə bilər və bu baxımdan Azərbaycanda yaşıl enerjinin inkişafı üçün həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? BMT-nin Avropa İqtisadi Komissiyası bu istiqamətdə Azərbaycana hansı dəstəyi verəcək?

-COP29-da təqdim olunan Sədrlik təşəbbüsləri Bakının davamlı inkişafı dəstəkləməyə güclü öhdəliyini nümayiş etdirir. BMT-nin Avropa İqtisadi Komissiyası COP29 Sədrliyinin yaşıl enerji zonaları və dəhlizləri, anbar və şəbəkələr, iqlim üçün hidrogen və su ilə bağlı enerji təşəbbüslərinin hazırlanmasında və başlanmasında, su həllərinin milli olaraq müəyyən edilmiş öhdəliklərə və milli uyğunlaşma planlarına inteqrasiyasında iştirak edib. Yaşıl enerji infrastrukturunun inkişafı əsas əhəmiyyət kəsb edir, çünki yaşıl dəhlizlər, enerji anbarları və şəbəkələr bir-birinə bağlı şəbəkələrin əsas elementləridir. Aşağı və sıfır karbon texnologiyaları və enerji bağlantısı arasında sinerjinin təşviqi qlobal enerji keçidini və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağı dəstəkləyir. Əgər ədalətli, davamlı və təhlükəsiz enerji sistemi qurmaq istəyiriksə, əməkdaşlıq vasitəsilə regional enerji əlaqəsini və enerji ticarətini genişləndirmək vacibdir. İnteqrasiya edilmiş və bir-birinə bağlı şəbəkə daha etibarlı, sərfəli və dayanıqlı enerji təchizatının əsasını təşkil edir. Bu da öz növbəsində təcili ehtiyac duyduğumuz enerji sistemlərinin dərin karbonsuzlaşmasını asanlaşdıracaq.

Regionlar üzrə enerji şəbəkələrinin əlaqələndirilməsi, bərpaolunan enerjinin bölüşdürülməsi və paylanmasının təşviqi, həmçinin genişmiqyaslı bərpaolunan enerji potensialının enerji sistemlərimizə inteqrasiyasına imkan verir. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO), Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) ilə birgə əməkdaşlıq edərək Azərbaycana yaşıl enerji zonaları və dəhlizləri, anbarlar və şəbəkələr üzrə bu mühüm təşəbbüsün gələcək inkişafında dəstək verməyə hazırdır.

-Növbəti sualım maliyyə ilə bağlıdır. COP29-da qəbul edilmiş qərara əsasən, inkişaf etmiş ölkələr tərəfindən ayrılan vəsaitlərin həcmi 2035-ci ilə qədər ən azı 300 milyard dollara çatdırılmalıdır. Bu sənədə münasibətiniz necədir? Sənəd iqlim problemlərinin həllinə kömək edəcəkmi?

-İqlim maliyyəsi kritik məsələdir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, indidən 2030-cu ilə qədər Paris Sazişinin 1,5° istiləşmə hədəfini saxlamaq üçün təkcə enerji sektorunda hər il 5 trilyon dollar lazımdır. Bununla belə, biz bu məqsəddən çox uzağıq: 2023-cü ildə enerji keçidinə 1,8 trilyon dollar sərmayə qoyulub. Bu, əvvəlki illə müqayisədə 17 faiz artım olsa da, bütün iştirakçılardan - hökumətlərdən, həm də əsas rol oynayan özəl sektordan daha çox səy tələb olunur. İqtisadiyyatı keçid dövründə olan üzv dövlətlər arasında BMT-nin Avropa İqtisadi Komissiyası enerji keçidi layihələrinin investorlara nümayiş etdirilməsini və keçid üçün maliyyə alətlərinin hazırlanmasını təşviq edir. Mərkəzi Asiya və Qərbi Balkanlardan 15 milyard dollar məbləğində maliyyələşmə üçün mübarizə aparan 10 layihə COP29-da nümayiş etdirilmək üçün qısa siyahıya alınmışdır. Bu layihələr həmçinin Dövlət-Özəl Tərəfdaşlığın (PPP) Qiymətləndirmə və Reytinq Sistemi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (PIERS) infrastrukturundan faydalanmışdır. Bu tədbirlər hökumətlərə, özəl şirkətlərə və maliyyə qurumlarına layihələrini, infrastrukturunu DİM-lərə uyğunlaşdırmağa və iqlim dəyişikliyinin azaldılması tədbirlərini qiymətləndirmə prosesinə inteqrasiya etməyə kömək edir. 2022-ci ildə istifadəyə verildiyi vaxtdan PIERS metodologiyası 50 ölkədə 220-dən çox layihəyə tətbiq edilib.

Əslində, BMT-nin Avropa İqtisadi Komissiyasının bir çox normaları, standartları və konvensiyaları üzv dövlətlərin iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma səylərini dəstəkləmək, maliyyə vəsaitlərini cəlb etmək və əməkdaşlığı gücləndirmək üçün praktiki alətlər təqdim edir. Üzv dövlətlər və digər əsas maraqlı tərəflər arasında dialoqlar dayanıqlı, karbon-neytral enerji sistemlərinin yaradılması və davamlı resursların idarə edilməsi çərçivəsində ədalətli keçid yanaşmasını təşviq etmək üçün vacibdir. Bu, Dayanıqlı Enerji üzrə BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində əməkdaşlığın getdikcə daha vacib aspektidir.

-Bərpaolunan enerji sektoruna investisiyalar baxımından ölkəmiz nə dərəcədə cəlbedicidir?

-Azərbaycanın bərpaolunan enerjinin inkişafı üçün böyük potensialı var. Biz bu yaxınlarda bəzi böyük investisiya fondlarının bu potensialı nəzərə aldığını və genişmiqyaslı layihə imkanları axtardığını gördük. Hidrogenə xüsusi diqqət yetirilməlidir. Azərbaycan hidrogen sənayesinin inkişafında çox maraqlıdır və bizim Hidrogen işçi qrupumuzda çox fəaldır. O, aşağıkarbonlu hidrogenin mühüm istehsalçısı olmaq üçün bütün elementlərə malikdir. Biz inanırıq ki, bu, ilk növbədə, xammal kimi sənaye məişət istifadəsi üçün nəzərdə tutulmalıdır. İkinci addım kimi hidrogenin alternativ istifadəsi, eləcə də ixracı nəzərə alınmalıdır.

-Azərbaycanın ictimai nəqliyyatında günəş panellərindən (dəmir yolu və avtomobil sektoru) kütləvi istifadə mümkündürmü? Bu keçid üçün hansı şərait yaradılmalıdır?

-Dayanıqlı enerji keçidi istiqamətində işləməkdən əlavə, nəqliyyat BMT-nin Avropa İqtisadi Komissiyasının normalar, standartlar, konvensiyalar və siyasi əməkdaşlıq vasitəsilə ölkələri davamlı inkişafı təşviq etməkdə dəstəklədiyi əsas sektorlardan biridir. Nəqliyyatın dekarbonlaşdırılması, əslində, COP29-da fəaliyyətimizin mühüm sahəsi idi. 2024-cü ilin fevralında qəbul edilmiş Daxili Nəqliyyat Komitəsi (ITC) strategiyamız ölkələrə avtomobil nəqliyyatını karbonsuzlaşdırmağa və dəmir yolu, daxili su nəqliyyatına keçidi asanlaşdırmağa, həmçinin ictimai nəqliyyatı və aktiv hərəkətliliyi inkişaf etdirməyə kömək edə bilər. BMT-nin Avropa İqtisadi Komissiyası və Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən birgə dəstəklənən Nəqliyyat, Sağlamlıq və Ətraf Mühit üzrə Avropa Proqramı (THE PEP) dayanıqlı nəqliyyat siyasətinin həyata keçirilməsində ölkələri dəstəkləyir.

Seçilən
32
48
azertag.az

10Mənbələr