AZ

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Video

Dekabrın 18-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin məsul şəxsləri, qazi mayor Süleyman Heydərov, müsabiqənin qalibləri seçilmiş uşaqlar, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

Sərgi ilə tanışlıqdan sonra mükafatların təqdimetmə mərasimi keçirilib.

Əvvəlcə, Dövlət Himni səsləndirilib.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” müdrik kəlamını yada salaraq, Ümummilli Liderin uşaqlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb.

Nazir vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaqların təhlükəsiz və layiqli mühitdə böyüməsi, onların sağlamlığının təmin edilməsi, müasir biliklərə yiyələnməsi, Vətənə və dövlətə sədaqətli yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişmələri üçün zəruri tədbirlər həyata keçirilir. Cənab Prezidentin vurğuladığı kimi, ölkədə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində İkinci Qarabağ müharibəsində Zəfərin qazanılmasında məhz Azərbaycanın müstəqilliyi illərində doğulmuş Vətən övladlarının mühüm rol oynadıqlarını xatırladan nazir şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Nazir, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara olan həssas münasibəti, onlara göstərdiyi yüksək qayğıkeşliyi, uşaqların hərtərəfli inkişafı, təhsili, təlim-tərbiyəsi ilə əlaqədar gördüyü böyük işlərin xalqımız tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.

Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda uğurla keçirilməsini xatırladan K.Heydərov bəşəriyyəti ciddi çağırışlar, təhdidlər qarşısında qoyan iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı Bakıda qəbul edilən qərarların ölkəmizin iqlim dəyişiklikləri ilə qlobal mübarizənin daha sürətlə həyata keçirilməsinə layiqli töhfələr verdiyini bir daha əyani şəkildə nümayiş etdirdiyini deyib.

Kəmaləddin Heydərov fövqəladə hallarla bağlı zəruri təhlükəsiz davranış qaydaları barədə bilik və vərdişlərə məhz kiçik yaşlardan, məktəb illərindən yiyələnməyin cəmiyyətdə ümumi təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Fəaliyyətinin ilk ilindən başlayaraq məktəblilərə fövqəladə hallarda davranış qaydalarının öyrədilməsinə, onların belə hallara mənəvi-psixoloji cəhətdən hazırlanması üçün səmərəli üsulların tətbiqinə ciddi diqqət yetirən Fövqəladə Hallar Nazirliyi mütəmadi olaraq maarifləndirici tədbirlər, təlimlər, yarış və müsabiqələr keçirir.

Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılıq müsabiqəsinin əhəmiyyətindən danışan nazir məktəblilər arasında böyük maraq qazanmış müsabiqənin qaliblərini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib. F.Qayıbov müsabiqənin istedadlı uşaqların üzə çıxarılmasına, onların fövqəladə hallar sahəsində biliklərinin artırılmasına və hərtərəfli inkişafına müsbət təsir göstərdiyini bildirib.

Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov müsabiqədə qalib gələn uşaqları təbrik edib, onların fövqəladə hallarla bağlı zəruri bilik və bacarıqlara yiyələnməsində, təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılmasında müsabiqənin rolunu vurğulayıblar.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabr ayından start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 439 rəsm, 49 plakat, 393 əl işi, 98 yanğın və qəza-xilasetmə texnikasının modeli və 78 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 25 nəfər birinci, 25 nəfər ikinci, 58 nəfər üçüncü yerə, 80 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.


Müəllif: Teleqraf.com
Seçilən
1
6
teleqraf.com

7Mənbələr