AZ

"Prosesi süni yolla uzatmaq üçün hər şey edirlər" - Talassemiyalı uşaqlara yığılan pulun mənimsənilməsi ilə bağlı məhkəmə

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramovanın prosesdə iştirak edə bilmədiyi bildirilib.

Hakim təqsirləndirilən şəxsin iştirak etməməsini məhkəmə prosesinin süni şəkildə uzadılması kimi qiymətləndirib: "Mən belə başa düşürəm ki, təqsirləndirilən şəxslər bu işi süni yolla uzatmaq üçün hər şeyi edir. Təqsirləndirilən Aynur Bayramova dünən saat 23-də özünü narahat hiss etdiyini bildirib və müalicə müəssisəsinə aparılıb. Buna görə də, hazırda iclasda iştirak etmir. Onun daha öncə prosesdə də ürəyi getmişdi. Amma bu kimi hərəkətlər ədalətli qərarın verməsinin qarşısını ala bilməyəcək. Başa düşürəm ki, prosesə uzaqdan gələnlər var. Onlar nəzərə alınacaqlar. Ola bilsin ki, təqsirləndirilən şəxslər düşünürlər ki, yaşımla bağlı təqaüdə göndərilsəm, yerimə gənc, təcrübəsiz hakim təyin edərlər. Amma unutmasınlar ki, məhkəmədə təcrübəsiz hakim yoxdur. Ümumiyyətlə, bu cinayət işi yekunlaşanadək prosesdə hakim olacam. Məhkəmənin qərarı obyektiv olacaq".

Zərərçəkmiş Tural Nəsmiyev deyib ki, təqsirləndirilən Aynur Bayramova bunu qəsdən edir: "Məncə, təqsirləndirilən şəxs növbəti dəfə barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyəcək. Bunun üçün də səhhətini bəhanə edəcək. Sizdən xahiş edirəm, bununla bağlı tədbir görülsün".

Hakim isə qeyd edib ki, müaviq araşdırmalar nəticəsində obyektiv qərar verəcək.

Proses yanvarın 8-dək təxirə salınıb.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
7
2
apa.az

5Mənbələr