Sankt-Peterburqda “Azərbaycan muğamı” adlı gecə təşkil olunub.
Kulis.az xəbər verir ki, Sankt-Peterburq hökumətinin, Azərbaycanın Baş konsulluğunun və Azərbaycan Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq Dövlət Akademik Kapellasında baş tutan konsertdə Əməkdar artist Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin nümayəndələri çıxış ediblər.
Gecədə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Azərbaycan və Rusiya Xarici işlər nazirliklərinin rəsmiləri, Sankt-Peterburq hökumətinin üzvləri, Rusiyanın Şimal paytaxtındakı diplomatik korpusun nümayəndələri, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibinin müavini Aydın Cəfərov, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı kursantlar, doktorantlar və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə tədbirin təşkilində göstərdiyi dəstəyə görə qubernator Aleksandr Beqlova və Sankt-Peterburq hökumətinə təşəkkürünü bildirib, əsrlər boyu xalqımızın ruhunu və yaradıcılıq gücünü əks etdirən unikal sənət növü olan muğamın Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib.
Anar Yusifzadə çıxışı zamanı muğamın təkcə Azərbaycan incəsənətinin deyil, ümumilikdə bəşəriyyətin musiqi xəzinəsinin incisi olduğunu, bu cür tədbirlərin Azərbaycan ilə Rusiya arasında, o cümlədən Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını, xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına töhfə verəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konsert proqramına “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Sarı bülbül” xalq mahnıları, “Azərbaycan oğluyam”, “Qarabağ”, “Yaşa, mənim xalqım” və Azərbaycan musiqi sənətinə aid bir sıra digər mahnılar daxil edilib.
Beynəlxalq Muğam Mərkəzinin nümayəndələri Rusiyada Azərbaycan mədəniyyətinin təbliğində göstərdikləri xüsusi xidmətlərə görə Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəxri diplomu ilə təltif olunublar.
Tədbir çərçivəsində Sankt-Peterburq Dövlət Akademik Kapellasının qalereyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin mədəni-tarixi abidələrinin və Bakı şəhərinin fotosərgisi keçirilib. Həmçinin Azərbaycan milli musiqi alətləri və xalçaları nümayiş olunub, milli mətbəximizin nümunələri təqdim edilib.