İnformasiya məkanındakı gündəlik xəbərlərin doğru təhlil edilməsi, dəyərləndirilməsi, məlumat mənbələrinin etibarlılığı, obyektivliyinin yoxlanılması çağdaş dövrün ən vacib məsələlərindən biridir.
Özəlliklə sosial mediadakı məlumatların hansı mesaj verdiyini anlamaq, onun dezinformasiya, yaxud tərəfsiz mənbələrin gerçək xəbərçiliyi olduğunu aydınlaşdırmaq olduqca vacibdir. Bu mənada media savadlılığı cəmiyyətin hər bir fərdi üçün önəmlidir.
“Media Savadlılığı” Həftəsində mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspertlər də bu qənaətdədir.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyir ki, yeni “Media haqqında" Qanun”da media savadlılığı ayrıca bölmə kimi verilib. Çünki sosial medianın inkişaf etdiyi, müxtəlif dezinformasiyaların çoxaldığı, influenserlərin, blogerlərin, internet televiziyaların, youtuberlərin çoxaldığı, yanlış informasiyaların geniş yayıldığı bir vaxtda media savadlılığı vacibdir:
“Bu mənada Medianın İnkişafı Agentliyinin başladığı həftəlik media savadlılığı kampaniyasını yüksək qiymətləndirirəm. Həm MEDİA əməkdaşları, həm də Mətbuat Şurasının üzvləri artıq 2 gündür ki, maarifləndirici fikirlərlə çıxış edirlər. Düşünürəm ki, bu, çox lazımlı və vacibdir. Ümumiyyətlə, MEDİA və Mətbuat Şurası birgə bölgələrdə tədbirlər keçirirərkən media savadlılığı ən vacib element kimi qabardılır. Çünki indi hər bir fikrin doğru olmadığı insanlara aşılanmalıdır.
Hazırda peşəkar mediadan fərqli olaraq məsuliyyətsiz “media” və “jurnalist”lər peyda olub. Bunların söylədiyi fikirlər isə dəqiqləşdirilməmiş xəbərlər olur. Bəzən isə bilərəkdən başqasını ləkələmək halları da baş verir. Bütün bunların qarşısını almaq üçün media savadlılığı vacibdir. Media savadlılığı əsasən, cəmiyyətə, ictimaiyyətin nümayəndələrinə aiddir ki, yayılan xəbərlərə bir az şübhə ilə yanaşsınlar və qeyri-ciddi mənbələrin xəbərlərinə inanmasınlar”.
Qeyd edək ki, dekabrın 16-dan etibarən “Media Savadlılığı” Həftəsinə start verilib. Dekabrın 22-dək davam edəcək “Media Savadlılığı” Həftəsi Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilir.
Rəna Cumaqızı, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta