AZ

Sevinc Vaqifqızı: “Tez-tez bu sualı eşidirdik: Qorxmursunuz ki, sizi tutarlar?”

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan "AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının "Qadağan olunmuş mövzularda yazmaq” yazısını təqdim edirik:

"Bizi Apelyasiya Məhkəməsinə aparan maşın bir neçə gün əvvələ qədər işlədiyimiz ofisin qarşısından keçir.

Həbs olunmuş Ülvi, Nərgiz və mən məhkəməyə aparılırıq.

Hər birimiz dəmir arakəsmələrlə bölünmüş üç ayrı hissədə əyləşdirilmişik, bir-birimizi görmürük.

Oturduğum yer üzü pəncərəyə baxır və dəmir barmaqlıqlardan yol görünür.

Ofisin binası görünməyə başlayanda dostlara səslənirəm ki, "ofisin qarşısından keçirik”.

Onlar yolu görmürlər və işlədiyimiz ofisin qarşısından indi Penitensiar Xidmətin maşını ilə keçməyimiz qəribə hisslər yaradıb.

Yan kabinədən Ülvi səslənir: "Nə vaxtsa ağlınıza gələrdi ki, iş yerinin qarşısında Penitensiar Xidmətin maşınında keçəcəyik?”

"Qadağan olunmuş” mövzularda yazırdıq deyə həbs olunma ehtimalı ilə bağlı, demək olar ki, hər gün danışırdıq. Hətta Ülvi həbs olumamışdan bir neçə gün öncə yeni tikilən təcridxanadan çəkilən fotonu ona göndərib: "Narahat olma, şəraitli yerə düşəcəksən”, – deyə zarafat da etmişdim. O isə gülüb həbsə hazır olduğunu yazmışdı.

Ülvi ilə həbs olunacağımızı gözləsək də, ümumilikdə bir medianın 6 jurnalistinin, üstəlik, bizə müsahibə verdiyinə görə iqtisadçı dostumuzun həbs olunacağını gözləmirdik.

İlk dəfə idi ki, Azərbaycanda bir medianın 6 əməkdaşı həbs olunurdu. Səbəb illərdir ki, adlarını toxunulmaz etmək üçün hər cür qanunsuz üsullara əl atan Prezidentin, onun təyin etdiyi hüquq-mühafizə orqanlarının rəhbərlərinin korrupsiya cinayətləri ilə bağlı araşdırmalar hazırlayıb yaymağımız idi.

Hökümət televiziyalarında İlham Əliyevin "Biz Qarabağa qayıtdıq” qələbə nitqi təkrarlanan vaxt biz insanlara göstərdik ki, bəli, o sizdən əvvəl Qarabağa qayıdıb, torpaq islahatı aparmadan böyük əraziləri öz ailə şirkətinə və təyin etdiyi vəzifəli şəxslərin şirkətlərinə verib.

30 ildir ki, torpaqlarına həsrət qalan məcburi köçkünlər öz yurdlarına qayıtmadan əkinə yararlı torpaqlar vəzifəlilər arasında pay-puş edilmişdi.

"Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq”, – deyən Prezidentin Şuşadakı mədəniyyət tədbirlərini xanımı, I vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduna dövlət büdcəsi hesabına gördürdüyünü ortaya çıxardıq.

Bu tədbirlərin ön cərgəsində oturan Prezident və ailə üzvləri gənc ifaçının "Vətəni sevmək azdır, onu qorumaq gərək” ifasını kədərli baxışlarla dinləyirdilər.

Qarabağla bağlı hazırladığımız 11 araşdırma ilə aydın olurdu ki, təkcə Şuşa yox, bütün Qarabağ "məmurlar şəhəri” olub.

Araşdırmalarımız təkcə Qarabağla bitmirdi. Prezidentin kürəkəninin aqropark qurmaq üçün bir kəndin sakinlərini qanunsuz olaraq evlərindən çıxarıb başqa kəndə yerləşdirdiyini üzə çıxarmışdıq.

Kəndlilər hətta qohumlarının qəbirlərini ziyarət etmək üçün şirkətdən icazə alıb kəndlərinə keçə bilərdilər.

Kürəkənin biznesinin çiçəklənməsi üçün hökumət səxavət kisəsini açıb ona güzəştli kreditlər verib, kommunal xətlərini çəkmişdi.

Araşdırmalar çıxdıqca ətrafımızdakı insanlardan, həmkarlarımızdan tez-tez bu sualı eşidirdik: "Qorxmursunuz ki, sizi tutarlar?”

Onlar da, biz də bilirdik ki, bu araşdırmaların davam etməsi bizim həbsimizi yaxınlaşdırır. Amma biz "AbzasMedia”nın fəaliyyətinə başlayanda qarşımıza məqsəd qoymuşduq ki, danışılmayan, çəkinilən mövzulardan danışacağıq. Çünki biz bilirik ki, bu gün korrupsiya cinayətlərindən danışılmasını qadağan etməyə çalışan Prezident bir gün bu ölkədə "azadlıq”, "demokratiya”, "insan haqqları”, "media azadlığı” kəlimələrini işlətməyi də yasaqlayacaq.

Və bir gün gələcək ki, insanlar dərdlərini danışmağa "icazəli söz” tapmayacaqlar: Corc Oruelin "1984”, Rişard Kapuşinskinin "Şahənşah” əsərində qeyd etdikləri kimi…

"Toxunulmaz” şəxlərlə bağlı yazmaq təkcə vətəndaşlara onların ödədiyi vergilərin, onlara məxsus yeraltı və yerüstü sərvətlərdən əldə olunan gəlirlərin kimlər vasitəsi ilə mənimsənildiyini göstərmək üçün deyildi. Bu həm də Prezident ailəsinin "toxunulmaz” olmadığını, onların qanunsuz əməllərindən danışmağın mümkün olduğunu göstərmək üçün idi.

İndi isə biz araşdırmalarımızla onların hansı əməllərini ortaya çıxarmışdıqsa, onlar bizi həmin əməllərdə ittiham edirlər.

Hazırda ölkədə 15 müstəqil jurnalist qaçaqmalçılıqda ittiham olunur. 20 illik prezidentlik dövründə gəlirlərini heç vaxt bəyan etməyən İlham Əliyev 15 jurnalisti gömrüyə bəyan etmədən ölkəyə pul keçirməkdə günahlandırıb həbsdə saxlayır.

Biz indi ölkədəki seçkilər kimi nəticələri əvvəldən məlum olan məhkəmələrimizdə İlham Əliyevin korrupsiya cinayətlərindən danışıb buna görə həbs olunduğumuzu deyəndə hakimlər təşvişə düşürlər.

Bu faktları başqalarının dilindən eşitmək belə onları halbahal edir. Amma biz Prezident ailəsinin korrupsiya cinayətləri barədə danışmağa davam edirik. Çünki bizim həbsimiz hərəkətimizi məhdudlaşdıra bilər, sözümüzü yox.

Onlar düşünürdülər ki, "AbzasMedia” ilə əməkdaşlıq edən jurnalistləri həbs etməklə onları "sözəbaxan” edə bilərlər. Amma reportyorumuz Nərgiz həbs qərarından sonra məhkəməni gülərək tərk edirdi.

Elnarə son dindirilməsinə gedərkən həbsxanaya göndəriləcək ilk sovqatını özü yığmışdı.

Biz soyuqqanlı olmağın çətin olduğu dönəmdən keçirik.

Saxlanıldığım kameranın qarşı tərəfindən 2 kamera məni Elnarədən, sol tərəfdən 1 kamera isə məni Nərgizdən ayırır. Amma biz bir-birimizi burada da tək qoymamağa çalışırıq.

İyulun 17-də biz Nərgizin 26 yaşını həbsxanada qeyd etdik. Gecə 12-də qapımızın balaca nəfəsliyindən ona mahnı oxuyub doğum gününü Elnarə ilə birlikdə təbrik etdik.

Bu o Nərgizdir ki, məhkəmədə: "Yuxarıdan gələn sifarişi tez oxuyun, mənim vaxtımı çox almayın”, – deyib hakimi təəccübləndirmişdi.

Bizim kamera yoldaşlarımız da kimlərin korrupsiya cinayətlərindən yazdığımızı eşidəndə təəccüblənirlər. Həbsxanaya düşəndən tez-tez bu sualı eşidirəm:"Bu sizə lazım idi? Niyə özünüzü belə təhlükəyə atmısınız?”

Mən də onlardan soruşuram:

– Sizə yalan xəbər verməyimizə razı olardınız?”

– Yox, – deyirlər.

– Bəs bildiklərimizi qorxub sizdən gizlətməyə necə, razı olardınız?

Yenə "Yox” cavabı alıram.

Biz də onlara doğru, senzurasız xəbəri layiq bildik, sonu həbs olsa da…”
Seçilən
6
arqument.az

1Mənbələr