AZ

Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti – Stalin onun haqqında nə demişdi?

Kulis.az Xalq artisti, xanəndə, aktrisa Həqiqət Rzayeva haqqında maraqlı faktları təqdim edir.

Həqiqət Rzayeva 1907-ci il mayın 20-də Lənkəranın Darquba kəndində anadan olub.

Həqiqət beş aylıq körpə ikən atası vəfat etmiş, əl işi görməklə ailənin bütün ağırlığını zərif çiyinlərində daşımış anası Zinyət xanım bir müddət sonra Kərimxan adlı mövhumatçı, dindar bir fəhləyə ərə gedib və bu evlilikdən Əntiqə adlı qızları dünyaya gəlib.

Mehriban insan olan Kərimxan Həqiqətə atalıq qayğısını əsirgəməyib.

Onlar ailəlikcə Bakıya köçsələr də, 1918-ci ildə yenidən Lənkərana qayıdıblar.

O vaxt Həqiqətin on bir yaşı var idi. O, öz yaşıdlarından qeyri-adi səsi ilə seçilirdi. Anasının arzusu qızını savadlı görmək idi. Vəziyyətin ağırlığı, imkansızlıq bu arzuların gerçəkləşməyinə ciddi maneə yaradırdı.

***

Həmin vaxt gənc müəllimə Məryəm Bayraməlibəyova Lənkəranda (1918-ci ildə) birinci qız məktəbi təşkil etmişdi. Zinyət xanım on bir yaşlı Həqiqətdən ötrü xahiş edir: “Allah eşqinə, qızıma da yazı-pozu öyrədin, bəlkə, o, ağ günə çıxdı”.

Onun əsl adı Süsən, soyadı Əliyeva idi, Həqiqət adını isə sonradan götürmüşdü. Xalq artisti heç zaman uşaqlığından danışmazdı. Məğrur görünüşlü bu xanım yəqin ki, kövrələcəyindən qorxurdu.

1589967754555

***

1920-ci ildə Məryəm Bayraməlibəyovanın məktəbi üçün yeni bina verilir. Həmin məktəbi 1923-cü ildə başa vuran Həqiqət Rzayeva Lənkəran Maarif Şöbəsinin göndərişi ilə Bakıya, darülmüəllimatda oxumağa gəlir və 1926-cı ildə darülmüəllimatı bitirib, müəllimlik diplomu alır.

Lakin gözəl səsi onun həyatını fərqli istiqamətə yönləndirib. Onun ürəyəyatımlı ifasından təsirlənən lənkəranlı tamaşaçılar: “Atası Əliyə çəkib, onun da belə gözəl səsi var idi”, – deyirdilər.

***

1926-cı ildə Həqiqət Rzayeva Yunis Nərimanovun bədii rəhbəri və rejissoru olduğu “Damğa” teatrına dəvət edilib.

Y. Nərimanov xatirələrində yazır:

“1926-cı ildə Əli Bayramov adına qadınlar klubu səhnəsində məktəbli bir qızın məharətlə çıxış etdiyini eşidib, aktrisa cəhətdən korluq çəkən biz, bir-iki qızla bərabər Həqiqəti də “Damğa” teatrına dəvət etdik. Həqiqət çox zirək və bacarıqlı olmağına baxmayaraq, ailəsi mövhumatçı olduğundan, çadrada gizlənib və səhnəyə çıxmağını evlərində bildirmirdi. Ailəsi onu gecə kursunda dərs dediyini zənn edirdi. Həqiqət isə evdən çadrada çıxır, teatra çatanda çadrasını atar və bir aktrisa kimi çıxış edirdi… Bütün çətinliklərə baxmayaraq, Həqiqətin incəsənətə olan həvəsi və çalışqanlığı bizi sevindirdi. Biz onu musiqi, plastika və ritmika dərslərinə də cəlb etmişdik”.

1589967736624

***

“Damğa” satirik teatrındakı fəaliyyəti teatr xadimlərinin nəzərindən yayınmayıb. 1917-ci ildə bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürüb. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına bağlanıb.

Deyilənə görə, çox sadə qadın olub. Bəzək-düzəyi, rəngarəng libasları o qədər də sevməyib. Səhnəyə hər zaman qara məxməri libaslarla çıxar, qoluna isə ancaq saat taxarmış. Ondan bu sadəliyini xəbər alanda, digər aktrisalar kimi daş-qaşa meyl etməməsinin səbəbini soruşanda deyərmiş ki, mənim daş-qaşım, brilyantlarım balalarımdı.

***

1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyub, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alıb. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınıb. Ərəbzəngi, Leyli, Əsli, Telli, Əsli, Şahsənəm kimi əsas səhnə obrazları yaradıb.

1589967729716

***Həqiqət Rzayevanın çox az filmə çəkilib.

Mikayıl Mikayılovun ssenarisi və rejissorluğu əsasında 1930-cu ildə çəkilmiş “Lətif” filmində Həqiqət Rzayeva ögey ana obrazını ifa edib… Aktrisa bu obrazı bütün incəlikləri ilə yaratmağa müvəffəq olub. M. Mikayılovun ilk müstəqil işi olan bu film Azərbaycan kəndlərində baş verən, kollektiv təsərrüfat yaradan insanların fəaliyyətinə və yeddi yaşlı oğlanın qoçaqlığına həsr olunub.

***

Həqiqət Rzayeva 1927-ci ildə rejissor Hüseyn Rzayevlə ailə qurub. 1928-ci ildə ilk övladları Həsən, 1930-cu ildə oğlanları Azər, on il sonra isə qızları Sədaqət dünyaya gəlib.

Qızı Sədaqət Rzayeva anası haqqında xatirələrində deyir:

“Atamla anam bir-birini çox gözəl başa düşürdülər, mehriban idilər. Ailənin kiçiyi olduğumdan atamla anam qastrol səfərlərinə gedəndə həmişə məni də özləri ilə aparardılar. Anamın çıxışlarına, əsasən, səhnə arxasında qulaq asardım. Bir dəfə anam hansısa rayonda açıq səhnədə çıxış edirdi. Birdən səhnədə əqrəb peyda olur. Musiqiçilər özlərini itirirlər. Ancaq anam onların əksinə, ayağını əqrəbin üstünə qoyur və gülümsəyə-gülümsəyə oxumağa davam edir. O, çox cürətli, cəsarətli, mərd qadın idi. Bizim Buzovnada bir bağımız var idi. Orda anamın ilan öldürməyinin şahidi olmuşam”.***

1939-cu ildə Moskvada – Azərbaycan Mədəniyyəti və İncəsənətinə həsr edilmiş ongünlükdə “Arşın mal alan” operası nümayiş etdirilib. Rusiyanın tanınmış tənqidçiləri, sənət adamları “Arşın mal alan”dan yazanda Həqiqət xanımın canlandırdığı Telli obrazını xüsusi qeyd ediblər.

Sonralar Üzeyir Hacıbəyli Həqiqət Rzayevaya deyib ki, Stalin sənin performansını izləyəndən sonra bir cümlə işlətdi: “Bax, budur aktrisa!”.

1589967734972

***

1942-ci il mart ayının 2-də təbrizli bir qız Həqiqətə göndərdiyi məktubda yazırdı:

“Əziz bacım Həqiqət xanım! Siz Təbrizdə ikən tez-tez məlahətli səsinizi eşidib böyük zövq alırdıq. Sizi həmişə xatırlayır və arzu edirik ki, təzədən Təbrizə gəlib bizimlə görüşəsiniz. Sizin xəyalınız hər gün bizim gözlərimizin qarşısında canlanır…”

***O, 1943-cü ildə Xalq artisti fəxri adına layiq görülüb.***

Həqiqət xanım haqqında İrəvan mətbuatında da materiallar dərc olunurdu.Onun İrəvan konsertləri haqqında Q. Ohanyan 1950-ci ildə “Kommunist” qəzetində ermənicə məqaləsində yazırdı ki, Həqiqət müxtəlif süjetləri və ən səmimi intonasiyaları yüksək peşəkarlıqla dinləyicilərə çatdırır:

“O, xalq muğamı “Segah”ı da, Aşıq Ələsgərin məşhur “Sona keçdi” adlı lirik nəğməsini də, nəhayət, istedadlı Azərbaycan kompozitoru Səid Rüstəmovun “Sürəyya” adlı məşhur mahnısını da eyni ustalıqla ifa edir”.

Betterimage.ai

***

Qurban Pirimov yazırdı:

“Fitri vokal və səhnə istedadı olan Həqiqət Rzayeva gözəl opera müğənnisi və xalq mahnılarının, muğamların ifaçısı və şərhçisi idi. Həqiqətin muğam və təsnifləri çox tez mənimsəməsi bizi valeh edərdi və gələcəkdə onun yaxşı bir oxuyan olmasına ümid bəsləyirdik”.

***

1953-cü ildə Həqiqət Rzayeva sənətdən getməyə qərar verir.Həmin vaxt Opera Teatrının direktoru Məhərrəm Haşımov ona təklif nedir:– Həqiqət xanım, bəlkə, ikinci partiyaları – Leylinin anasını, Məcnunun anasını oynayasınız?

– Yox, mən özüm səhnədən gedirəm…

Və işdən getmək barədə ərizə verir.Onun Opera teatrındakı sonuncu rolu “Şah İsmayıl”dakı Ərəbzəngi olub. Deyilənə görə, opera tarixinin ən gözəl tamaşalarından biri məhz bu son tamaşa olub.

Oğlu Azər Rzayevin xatirələrindən:

“Yəqin, başa düşürdü ki, bu yaşda səhnənin nə Ərəbzəngisi ola bilər, nə Əslisi, nə də Leylisi. İstəmədi ki, məcnunu olduğu teatrda ona “get, get, sən o Leyli deyilsən” desinlər. Əslində, o, Leylinin anasını, Məcnunun anasını oynamışdı. Ancaq onda səhnəyə yeni gəlmişdi, təcrübəsi, şöhrəti yox idi”.

Betterimage.ai

***

Həqiqət xanım Leyli obrazı ilə çox böyük məşhurluq qazanıb.Həqiqət xanım Leylinin ayaq üstə ölməsinə razı olmayıb. Hətta onun Üzeyir Hacıbəyovla mübahisəsi düşüb. O, Üzeyir bəyə təklif edib ki, Leyli yorğan-döşəkdə, segah oxuya-oxuya can versə, yaxşıdır. Üzeyir bəy əvvəlcə onunla razılaşmasa da, Həqiqət xanımın inandırıcı ifasını görəndən sonra mizanlarda dəyişililk etməyə qərar verib.Bu günə qədər həmin səhnə Həqiqət Rzayevanın təklif etdiyi mizanla təqdim olunur.

Ömrünün son günlərində xərçəng xəstəliyindən əziyyət çəkən tərəf müqabili Hüseynqulu Sarabskinin yaxşı nəfəs ala bilməsi üçün boğazından deşik açıblarmış. Müğənni bir gün Həqiqət xanımı evlərinə dəvət edir. Həqiqət xanım onlara gələndə görür ki, Qurban Pirimov tarını kökləyir. Bir neçə dəqiqəlik sükutdan sonra Hüseynqulu bəy Həqiqət xanımdan xahiş edib ki, Leyli və Məcnun operasının dördüncü partiyasını oxusun. Həqiqət xanım tarın müşayiəti ilə oxumağa başlayıb. Fəqət tərəf müqabilinin növbəsi çatanda… ağlamağa başlayıb… Çünki artıq oxuya bilmirdi… Və ağlaya-ağlaya pıçıldayıb:

“Get, ey Leyli, ey Pərizad”.

Həqiqət xanım otaqdan çıxandan sonra Hüseynqulu Sarabski dünyasını dəyişib.

***

Həqiqət Rzayeva bütün zinyət əşyalarını 1936-cı ildə İspaniyada baş vermiş vətəndaş müharibəsindən sonra kömək məqsədi ilə yaradılan fonda göndərib. Həmin il “Komunist” qəzetinə müsahibə verən xanəndə öz sənət dostlarını da bu cür addım atmağa səsləyib.

Səməd Vurğun Həqiqət Rzayevaya iki qəzəl həsr edib. Onlardan biri “Aləmin seyrinə gəl, gör, nə gözəl fitrəti var”, digəri isə “Ey könül, min namə yaz, bir gülzarın eşqinə” misrası ilə başlanan qəzəllərdir.

Səməd Vurğun bu qəzəlləri cəbhə səfərindən qayıdandan sonra Həqiqət xanıma göndərir. Qəzəllərin əvvəlinə isə belə yazır: “Bu qəzəlləri əziz bacım Həqiqət xanıma bağışlayıram.”Qeyd edək ki, qəzəllərin əlyazması Səməd Vurğunun ev muzeyində saxlanılır.

1589967737033

***

“Ögey ana” filminə onu rejissor Həbib İsmayılov dəvət edib. Həmin filmdəki Qəmər xala Həqiqət Rzayevanın kino sənətində ən məşhur rolu oldu. Oğlu Azər Rzayev xatirələrində yazır ki, istedad öz yerində, amma Qəmər xala rolunun bu qədər uğurlu alınmasının bir səbəbi də vardı: Qəmər xala surəti xasiyyətindəki bütün sərtliyi, mülayimliyi ilə sanki Həqiqət Rzayevanın özüydü. O da son dərəcədə ötkəm, ciddi, mərd qadınıydı.

***

Xalq artisti Həqiqət Rzayeva 1969-cu il avqustun 2-də vəfat edib.

Seçilən
3
2
millitv.net

3Mənbələr