2030-cu ilə qədər İsrail və Türkiyə arasında müharibə başlaya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Israel Radar” portalı yazır.
İsrail saytının məqaləsi 2009-cu ildə geosiyasi proqnoz hesabatları hazırlayan “Geopolitical Futures” şirkətinin qurucusu Corc Fridmanın verdiyi aşağıdakı proqnozla başlayır:
“2020-ci illərin sonlarına doğru ABŞ-Türkiyə münasibətləri getdikcə gərginləşəcək. Türkiyə aqressiv regional genişlənməni davam etdirəcək və özünü İslam gücü kimi tanıdacaq. 2040-cı illərdə Türkiyənin aqressiv addımları İsraili qorxudacaq”.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsini Türkiyə ilə əlaqələndirən İsrail portalı qeyd edir:
“İndi Fridmanın Yaxın Şərq proqnozunun mahiyyət etibarilə doğru, amma tarix vermək baxımından çox səxavətli olduğu görünür. İndidən ABŞ-Türkiyə münasibətləri indidən sarsıntılıdır, Türkiyə daha az dünyəvi və aqressivdir, İsrail isə artıq hazır vəziyyətdədir”.
Ankaranın Qəzzada HƏMAS-a dəstəyinə diqqət çəkilən məqalədə qeyd edilir ki, zaman keçdikcə İsrail-Türkiyə çəkişməsinin təhlükəli həddə çatması mümkündür: “Bu günədək mümkünsüz hesab edilən İsrail-Türkiyə münaqişəsi 2030-cu ilə qədər getdikcə daha çox ehtimal oluna bilər”.
“Israel Radar” Türkiyənin nüvə silahı əldə edə biləcəyini də proqnozlaşdırır:
“Türkiyənin açıq-aşkar nüvə ambisiyaları var. İsrailin müdafiə doktrinası bölgədəki düşmən tərəflərin nüvə bombası əldə etməməsini şərtləndirir. İsrail Milli Təhlükəsizlik Xidmətinin keçmiş müavini Çak Freiliçin sözlərinə görə, bu, yaranmaqda olan nüvə güclərini dayandırmaq üçün hərbi güc də daxil olmaqla, bütün tədbirlərin görülməsini tələb edir. Nüvə Türkiyəsi İsrail üçün ciddi problem yaradacaq və aralarındakı gərginliyi xeyli artıracaq”.
Sayt Türkiyənin 2019-cu ildə Liviya ilə imzaladığı saziş və Ankara ilə Misir arasındakı müsbət gəlişmələrin İsrailin əsas aktor olduğu Şərqi Aralıq dənizi qaz kəməri (EastMed) və Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi planlarını pozduğunu yazıb.
Təhlildə Türkiyənin Şərqi Aralıq dənizində artan hökmranlığı belə ifadə edilir:
“Türkiyənin Şərqi Aralıq dənizində aqressiv mövqeyi İsrail üçün getdikcə narahatlıq doğurur. Strateji bölgənin enerji mərkəzinə çevrilməsi ilə əhəmiyyəti daha da artıb. Üstəlik, Türkiyə açıq şəkildə bölgədə üstünlüyünü təmin etməyi hədəfləyir. Amma Ankaranın dəniz ambisiyaları enerji maraqlarından kənara çıxır.
İsrailin bu il dərc etdiyi hesabatda Türkiyənin güclü donanmasını yeni silahlar və sualtı gəmilərlə gücləndirdiyi barədə xəbərdarlıq edilib. Düşmən Türkiyə Hərbi Dəniz Qüvvələri İsrailin həyati maraqlarını, eləcə də qaz layihələrini təhdid edə bilər, çünki İsrail dəniz idxalından çox asılıdır. Bu baxımdan yaxın illərdə hərbi münaqişə potensialı arta bilər”.