AZ

Səs rejissoru kimdir, nə ilə məşğuldur, nə qədər qazanır? 

Səs rejissoru kimdir, nə ilə məşğuldur, nə qədər qazanır və harada öyrənmək olar? Bu suallara cavab almaq üçün səs rejissoru və səs dizayneri Nadir Mahmudova müraciət etdik. O, “Nabat”, "Günəşim ol", "Laləli saray", “Körpü ”, "Əqrəb mövsümü”, “Vətəndaş A” və “Narqız” filmlərində səs dizaynı, səs rejissoru kimi çalışıb və digər layihələr üçün də səs prodakşn hazırlayıb. Bu məqalədə səs rejissoru nə ilə məşğuldur, əsas bacarıqları hansılardır, incəsənət və medianın müxtəlif sahələrindəki iş necə fərqlənir, səs rejissorlarının istifadə etdiyi proqramlar hansılardır, iş tapmaq harada mümkündür, səs rejissorları nə qədər qazanır, bu iş üçün ali təhsil vacibdirmi, “Dolby Atmos” nədir, səs rejissoru nə ilə məşğuldur kimi suallara cavab tapa biləcəksiniz.
 
Nadir Mahudov deyir ki, səs rejissoru filmlər, kompüter oyunları, tamaşalar, reklamlar və digər incəsənət əsərləri üçün səs müşayiəti yaradan mütəxəssisdir: “Rejissor və ya prodüserin təklif etdiyi konsepsiyanı anlayaraq, bu konsepsiyanı ən yaxşı şəkildə əks etdirəcək səsləri seçir. Məsələn, dəhşət filmləri üçün qorxu hissini gücləndirən səs effektləri, reklam üçün məhsulun cazibədarlığını vurğulayan səslər var və s. Beləliklə, səs rejissorluğu həm texniki, həm də yaradıcı peşədir. Bu mütəxəssis həm monoton kontenti analiz etmə bacarığına, həm də layihə üçün öz baxışına malik olmalıdır”.
 
“Səs rejissoru və səs dizayneri arasındakı fərq nədir? Bu iki termin çox vaxt eyni mənada istifadə olunur. Amma bəzi fərqlər var. Səs dizayneri kino, oyunlar kimi sahələrdə səs effektlərinin yaradılmasına fokuslanır. Çox vaxt mövcud olmayan səslər uydurur (məsələn, gələcəyin maşınlarının səsləri və ya fantastik varlıqların hərəkətləri). Səs rejissoru səs keyfiyyətinə nəzarət edir (məsələn, səs studiyasında səslərin yazılması)”, - deyə mütəxəssis bildirir.
 
Nadir Mahmudov səs rejissorunun əsas bacarıqlarında da danışıb: “Yaxşı zövq – keyfiyyətli filmlərə baxmaq, yaxşı musiqi dinləmək və təcrübəli həmkarlarla işləmək vacibdir. Səsin fizikasını bilmək – ekolayzasiya, kompressiya və saturasiya kimi əsas anlayışlar olmadan iş təsadüfiliyə əsaslanacaq. Mütəmadi inkişaf – səs rejissoru texnologiya və sənaye ilə ayaqlaşmalıdır”.
 
Kino və oyunlar üçün səs rejissorluğu arasında fərq var: “Kino və televiziyada səs rejissoru – bu sahə daha mürəkkəb və bahalıdır. Hər bir çəkiliş böyük maliyyət tələb edir, ona görə də peşəkar komanda ilə işləmək vacibdir. Oyunlarda səs rejissoru – burada iş daha çox səs dizaynerliyinə yaxındır. Səslər yalnız yazılmamalı, həm də oyun içi fizika ilə uyğunlaşdırılmalıdır”.
 
“Səs rejissorları müxtəlif DAW (Digital Audio Workstation) proqramlarından istifadə edir: Pro Tools – Kino, TV və musiqi üçün,  Cubase – Musiqi üçün, Nuendo – Kino, TV, musiqi və oyunlar üçün. Digər proqramlar – Ableton, FL Studio, Logic, Reaper (əsasən musiqi və podkastlar üçün istifadə olunur) da istifadə olunur. Vacib Qeyd: Heç kim yalnız bir proqramdan istifadə etmir. Bütün səs rejissorları bir neçə DAW proqramına malikdir. Səsin təmizlənməsi və bərpası proqramları var. Məsələn, iZotope RX: səs-küyü, uğultunu, cırıltıları, küləyi aradan qaldırır, nitqi daha anlaşılan edir. Kitabxanalarla iş üçün menecer proqramları var. Məsələn, Soundly: hazır səs dəstlərindən (kitabxana adlanan) lazım olan səsləri tez bir zamanda tapmağa kömək edir”, - deyə o bildirib.
 
Səs rejissoru plaginlərdən də danışıb: “Proqramlarla işi asanlaşdırır. Hər funksiyaya uyğun fərqli plaginlər mövcuddur. Populyar plaginlərdən bəzi nümunələr: Krotos Studio – Foley səslər, səs dizaynı, FabFilter – ekvalayzer, limitator, kompressor – iZotope RX: səs-küyün təmizlənməsi, Soundtoys – delay, səs təhrifləri, reverberasiya kimi effektlər”.
 
Səs rejissoru harada iş tapa bilər? Bu peşədə adətən şəxsi əlaqələr həlledici rol oynayır -  bu suallara da Nadir bəy aydınlıq gətirib: “Heç vaxt saytlarda və ya “freelancer” platformalarında iş axtarmamışam. Düşünürəm ki, bu cür resurslar çox da effektiv deyil, çünki özüm də mütəxəssis axtararkən bu platformalara müraciət etməzdim. Yaxşı mütəxəssislər həmişə işləri ilə tapılır, onları geniş dairələrdə tanımaya da bilərlər. Gənc mütəxəssislərə tövsiyəm: yaxşı bir səs studiyasına gedin və orada köməkçi kimi işə başlayın. İnternetdə iş axtarmaqdansa, bu daha faydalıdır”.
 
Nadirin fikrincə, səs studiyasında işləmək ideal başlanğıcdır, çünki orada səhvin qiyməti kino və ya konsertlərdən daha azdır: “Məsələn, musiqi yazısında səhv etmək tez düzəldilə bilər. Amma kinoda səhv olarsa, bu, həm komanda ilə müzakirə edilməli, həm də əlavə xərclərə səbəb ola bilər. Konsertlərdə və ya canlı yayımlarda isə bir cəhd imkanı olur”.
 
Səs rejissorları nə qədər qazanır? – çoxunu maraqlandıran sualdır: “Bu, layihədən, səs rejissorunun statusundan və razılaşma bacarığından asılıdır. Təcrübəli səs dizayneri saatda 40-100 manat qazana bilər, yeni başlayan isə günə 50 manatdan az. Üst limit yoxdur, şəxsi razılaşmalardan asılıdır”.
 
“Səs yaratmaq intuisiyaya əsaslanır, buna görə də öz-özünə öyrənmə ilə uğur qazanmaq mümkündür. Amma səs rejissorluğu standartlar və tələbləri olan bir peşədir, buna görə yaxşı təhsil vacibdir”, deyən səs rejissoru əlavə edir: “Mən tam başqa sahə üzrə 6 il qiyabi təhsil almışam, səsi isə özüm öyrənmişəm. Əgər çox həvəsli və özbaşına öyrənməyə qabiliyyətlisinizsə, “YouTube”da kurslarla kifayətlənmək mümkündür. Məndə ali səs rejissorluğu təhsili yoxdur. Uşaqlıqdan kinoya marağım olub. 10 ildən artıqdır ki, film, serial və reklam səs “postproduction”u ilə məşğulam, çəkiliş meydançalarında çox vaxt keçirirəm. Mənim əsas səs biliklərim öz-özünə öyrənmə ilə qazanılıb, fərqli rejissorlarla və filmlərdə işləmək isə onları sistemləşdirməyə kömək edib”.
 
 
Mütəxəssis “Dolby Atmos” haqqında da danışıb: “Atmos, Dolby Laboratories tərəfindən hazırlanmış obyekt əsaslı səs texnologiyasıdır. Bu texnologiya ənənəvi çoxkanallı səs sistemlərinə yeni bir ölçü — hündürlük əlavə edərək səsləri üçölçülü obyektlər kimi təqdim edir.  Adətən filmdə eşitdiyiniz hər şey — musiqi, səslər və effektlər kanallara görə miks olunur. Məsələn, 5.1 formatı üç ön (sol, mərkəz, sağ) və iki arxa kanalı (dinamikləri) əhatə edir, aşağı tezlikli məlumat isə subwoofer kanalına ("0.1") ötürülür.
 
Atmos səs cığırı isə fərqli işləyir. Bir neçə kanal əvəzinə, yüzlərlə yol və metadatanı özündə birləşdirə bilər. Səsi konkret bir kanala təyin etmək əvəzinə, Atmos kinorejissorların səsi müəyyən bir məkan və zamana təyin etməsinə imkan yaradır. Müxtəlif kinoteatrlarda dinamiklərin sayı çox fərqli ola bilər, lakin Atmos bu fərqlərdən asılı olmayaraq uyğunlaşa bilir. Hündürlük kanallarının əlavə edilməsi ilə səs rejissorları səsləri başınızın üzərində və ətrafınızda hərəkət etdirə bilərlər. Düzgün tətbiq edildikdə, effektlər daha inandırıcı, ekrandakı hadisələr isə daha təbii və real səslənir, tamaşaçını filmə daha çox cəlb edir, – deyə o, qeyd edib.
 
 
“Kommersiya kinoteatrları üçün Atmos buraxıldıqdan sonra texnologiya ev kinoteatrı məhsullarına da uyğunlaşdırıldı. Dolby Atmos Height Virtualization — yuxarı dinamiklərsiz "virtual" Atmos və Dolby Atmos for Headphones — qulaqlıqlar üçün texnologiya kimi versiyalar da yaradıldı. Atmos, həmçinin PC, Xbox One, Xbox Series X|S və mobil platformalarda mövcuddur. Atmos səsi olan məzmun Blu-ray disklərində, Netflix, Roku, Apple TV və Disney+ kimi platformalarda tapıla bilər. Atmos formatlı musiqilər isə Apple Music, Tidal və Amazon Music platformalarında mövcuddur. Bu texnologiyanın avtomobillərdə və VR sistemlərində də dəstəklənməsi gözlənilir”, - mütəxəssis fikirlərini yekunlaşdırıb.
 
 
Seçilən
2
2
moderator.az

3Mənbələr