"Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?!”
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib.
İlham Əliyev Gürcüstanda baş verənləri Qərbin "Qafqaz uğrundakı apardığı döyüşdə mühüm amil” adlandırıb.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanda sabit siyasi vəziyyətin olmasında maraqlıdır.
"Əsrlər boyu xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıb, ona görə də Gürcüstanda sabitliyin pozulması və ya pozulmasına cəhd təhlükəsi Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də zərərlidir”, – Əliyev müsahibəsində bildirib.
O, Qərb dövlətlərinin Gürcüstanda daxili proseslərə əhəmiyyətli xarici təsirindən də danışıb, xaricdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatının fəaliyyətini qeyd edib.
Əliyev Rusiyanın USAİD-in fəaliyyətini qadağan etmək qərarını da dəstəkləyib: "Yenə də xarici təsirlərə qayıdıram. Məlum olub ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir və bu təşkilatlarda işləyən və ya maaş alan adamlar, bəlkə də, on minlərlədir. Amma biz bunu tənzimləmişik. Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz. Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar "Amerikanın səsi” və "Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”.
İlham Əliyev müsahibəsində həmçinin bildirib ki, COP29 zamanı Azərbaycanın üzləşdiyi əsas çətinlik zamanın azlığı ilə bağlı olub.
Onun sözlərinə görə, Azərbaycan cəmi 11 ayın içində bu nəhəng tədbirə hazırlaşıb.
Əliyev Qərb KİV-lərində Azərbaycanla bağlı gedən xəbərlərə də reaksiya verib: "”The Washington Post”, "The New York Times”, "Le Figaro”, "Le Monde” – yalançı dördlük hər gün Azərbaycana qarşı məqalələr yayımlayıb. Bu xəbərlər bizə çətinlik yaratmadı. Bu cür xəbərlər sadəcə ikrah hissi yaradır”, – Prezident deyib.
O qeyd edib ki, Azərbaycanın qlobal qaz emissiyalarında payı 0,1% təşkil edir. ABŞ-da 12%, Avropa İttifaqında isə daha çoxdur.
"Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”, – İlham Əliyev deyib.
Prezident həmçinin deyib ki, hazırda Makron rejimi Fransanı "uğursuz dövlət”ə çevirir: "Avropanın mərkəzində – Korsikada onlar (Fransa – red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır? Yəni Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.
"Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media adı altında öz "zəncirli köpəkləri”ni üzərimə salırlar”, – Əliyev əlavə edib.
İlham Əliyev həmçinin deyib ki, Ermənistan Azərbaycanla silah yarışına girə bilməz: "Onlar Qərb silahlarının əksəriyyətini pulsuz və ya kreditlə almasına baxmayaraq, təbii ki, sonradan silinəcək, lakin bu halda da bizimlə İkinci Qarabağ müharibəsinin nəticələrinə qarşı silahlanma yarışına tab gətirməyəcəklər. Əgər onlar növbəti təxribat planlaşdırırlarsa, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin onlara maksimum dəstəyinə baxmayaraq, 2023-cü ilin sentyabrında keçirdiyimiz antiterror əməliyyatını unutmamalıdırlar. Heç kim onlara kömək etməyəcək”.
"Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk – yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər”, – dövlət başçısı vurğulayıb.
Əliyev Ermənistanla sülh sazişi sənədində 17 maddədən 15-nin razılaşdırıldığını da bildirib.
O qeyd edib ki, sülh sazişi və Ermənistanın eyni vaxtda Azərbaycana qarşı silahlandırılması iki fərqli kursdur: "Biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”.
"Şərtlərdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir”, - o deyib.
Onun sözlərinə görə, digər maddə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır.
Əliyev deyib ki, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var.
"Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.
Azərbaycanın ikinci şərti olaraq, dövlət başçısı ATƏT-in Minsk qrupunun ləğvini deyib: "Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.
O qeyd edib ki, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.
Azərbaycanda son 1 ildə müstəqil mediaya qarşı repressiyalar total şəkildə davam etdirilir.
"Abzas Media” işi…
Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
2024-cü il mayın 31-də isə "Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb.
İyunun 1-də ona qarşı "AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Elə həmin gün "AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
"Toplum TV işi...”
2024-cü il martın 6-da "Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında "Toplum TV” kanalın təsisçisi Ələsgər Məmmədli, kanalın video-redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyətinin üzvü Ruslan İzzətli, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramin Babayev də var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
"Meydan TV işi...”
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.
Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.
2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist "qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə "Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində "Meydan TV”nin saytına blok qoyulub.
Kanalın sosial şəbəkə hesabları bir neçə dəfə kiberhücuma məruz qalıb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər.