AZ

Səfir: Azərbaycan və Özbəkistan prezidentlərinin dostluğu iki dövlət arasında əlaqələrin inkişafına zəmin yaradıb

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan və Özbəkistan Prezidentlərinin şəxsi dostluğu bu dövlətlərin və xalqların qarşılıqlı əlaqələrinin inkişafı üçün böyük zəmin yaradıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bahrom Aşrafxanov Bakıda keçirilən “Şavkat Mirziyoyev fenomeni” kitabının təqdimat mərasimində deyib. Səfir bildirib ki, Azərbaycan Cənubi Qafqazda Özbəkistanın etibarlı müttəfiqidir və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri səmimi dostluq xarakteri daşıyır.

Diplomat vurğulayıb ki, bu gün iki ölkə iqtisadi, siyasi, ticarət, nəqliyyat, tranzit, mədəniyyət sahələrində əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərləri, keçirilən görüşlər və imzalanan sənədlər onu deməyə əsas verir ki, münasibətlərin gələcəkdə daha yüksək səviyyəyə inkişafı üçün böyük zəmin yaradılıb.

“Beynəlxalq əhəmiyyət daşıyan irimiqyaslı iqtisadi layihələrin birgə həyata keçirilməsi perspektivdə Özbəkistan və Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinə keçidini təmin edəcək”, - deyən səfir dostluq əlaqələrinin daimi olacağına əminliyini ifadə edib.

Seçilən
19
azertag.az

1Mənbələr