AZ

“Ziya Gökalp və Türk Dünyası” - Alimlər Bakıdan danışacaq

AMEA-da böyük türk mütəfəkkirinin vəfatının 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Simpozium keçiriləcək

Dekabrın 20-də Azərbaycan Türk Ocağı İctimai Birliyinin və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə İnstitutun Akt zalında böyük türk mütəfəkkiri Ziya Gökalpın vəfatının 100 illiyinə həsr olunmuş “Ziya Gökalp və Türk Dünyası”  adlı Beynəlxalq Elmi Simpozium keçiriləcək. 

Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Türk Ocaqları Baş Qərargahının sədrinin köməkçisi professor Mehmet Şahingöz, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli, Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Faiq Ələkbərli, Ankara Hacı Bayram Veli Universitetinin professoru Zaynabidin Abdiraşidov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi professor Rəfail Əhmədli, professor Paşa Quluzadə, Yıldız Teknik Universitetinin professoru Süleyman Doğan, Akdeniz Universitetinin professoru Mustafa Yıldıran, "Türk Yurdu" jurnalının baş redaktoru Ayşegül Büşra Paksoy və Ankara Hacı Bayram Veli Universitetinin müəllimi dr. İbrahim Atabey müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. 

Keçiriləcək konfrans barədə "Sherg.az"a məlumat verən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, türkoloq-alim Faiq Ələkbərli deyib ki, bu il türk dünyasının böyük mütəfəkkiri Ziya Gökalpın vəfatının 100 illiyidir. Alim bildirib ki, bununla bağlı türk dünyasında tədbirlər keçirilir:

 "Türkiyədə və Türkistanda geniş tədbirlər keçirilir. Azərbaycanda keçiriləcək tədbirlədən biri də Azərbaycan Türk Ocağı İctimai Birliyinin və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə keçiriləcək. Fəlsəfə İnstitutunda "türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi" yaradılıb. Biz də burada fəal şəkildə iştirak edirik. Ziya Gökalp böyük şəxsiyyət idi. Biz onu türk dünyasının mütəfəkkiri, filosofu hesab edirik. Çünki onun əsərləri bütün türk xalqları ilə bağlıdır. Onun "Türk mədəniyyəti", "Türk dilinin əsasları" əsərləri, "Türkləşmək, müasirləşmək, islamlaşmaq" əsəri hamısı türk dünyasının yenidən dirçəlməsi, inkişafı üçün mühüm töhfədir. Xüsusi qeyd etmək lazımdır ki, Ziya Gökalpın fikirlərinin formalaşmasında Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin də mühüm rolu olub. Onların hamısı bütövlükdə türk dünyasının mütəfəkkirləridir. Ziya Gökalp sadəcə Türkiyə deyil, bütün türk dünyası, xalqları üçün önəmli şəxsiyyətdir. Ona görə belə tədbirlər keçirmək boynumuzun borcudur". 



Seçilən
24
sherg.az

1Mənbələr