"Fransa, ABŞ parlamenti, Niderland və İsveçrə parlamentinin aşağı palatasının riyakar bir qətnamə qəbul etməsi gözlənilməz olmadı".
Bu sözləri Sonxeber.az - açıqlamasında deputat Vüqar İskəndərov deyib:
Deputat qeyd edib ki, dəfələrlə söyləmişik ki, bir düymə ilə idarə olunan dövlətlər və qüvvələr Azərbaycanın inkişafını qəbul etmir, ölkə başçımızın qlobal liderlər sırasında möhkəmlənməsi qəbullanmaq istəmirlər:
"Bu gün sürətlə həm iqtisadi, həm siyasi anlamda güclənən Azərbaycanın tərəqqisinə qısqanclıqla yanaşan qüvvələr Ermənistanla aramızda sülh müqaviləsinin imzalanmaması üçün açıq-aşkar hərəkətə keçib. Təbii ki, proseslər rəsmi Bakı tərəfindən izlənilir və İsveçrə parlamentinin aşağı palatasının bu riyakar qətnaməsində sülh konfransı adlı qətnamənin müəllifi Erix Fontobeldir. Onun erməni lobbisindən gələn çirkli pullarla qidalanması və öz ətrafına bir çox deputatları cəlb etdiyi məlumdur. Həmin iclasda İsveçrənin xarici işlər naziri də iştirak edib. O hökumət nümayəndəsi olaraq öz etirazını bildirə bilərdi. Amma təəssüflər olsun ki, bu baş vermədi. İsveçrə də Fransa, Niderland və digərlərinin xoruna qoşularaq adi kağız parçası hesab etdiyimiz qətnaməni qəbul etdi. Biz həmişə qeyd etmişik, bu, kağız parçasından başqa birşey deyil. Heç bir mənası, hüquqi qüvvəsi yoxdur. Əslində indiyə qədər Ukrayna üçün dəridən qabıqdan çıxan da qərb, separatçılıqdan danışan da. Onlar bunu Azərbaycana qarşı etməklə bir daha özlərinin riyakar siyasətlərini bəyan etmiş oldular. Bu konkret Avropada islamofobiya, türkfobiya, azərbaycanfob siyasətin tüğyan etməsini göstərir. Xristian klubuna bənzəyən Avropa ittifaqı, onun digər institutları açıq-aydın dini ayrıseçkilik edirlər. Onlar bu siyasətlə bir daha beynəlxalq hüququn işləmədiyini bütün dünyaya açıq-aydın göstərirlər. Düşünürük ki, bu qətnamə İsveçrə hökuməti tərəfindən qınanmalı və onların rəsmi mövqeyi olmadığı bildirilməlidir. Hələlik bu barədə İsveçrə tərəfi susqunluq nümayiş etdirir. Bu qüvvələr təbii olaraq Azərbaycan və Ermənistanın masaya oturaraq anlaşmasının da qarşısını almağa çalışırlar. Çünki iki ölkə tərəflər olmadan bir çox vacib qərarları almağı bacardılar".
Deputat vurğulayıb ki, sülh müqaviləsinin bir çox bəndələrinin razılaşdırıldığını bilirlər:
"İki ölkənin sülhə yaxın olduğunu görürlər və hazırda onların arasını pozmaq cəhdlərini həyata keçirirlər. Bu gün bu qüvvələr bütün şər maşınlarını işə salıblar. Düşünürük ki, belə qətnamələrin heç bir faydası yoxdur. Ermənistan reallığı anlamalıdır. Azərbaycan yeni siyasi mənzərə formalaşdırır. Artıq geosiyasi anlamda baxsaq, Ermənistan mütləq sürətdə öz ərazisini digər böyük dövlətlərin plastrına çevirmə siyasətindən imtina etməli və milli maraqları tələb edən məsələləri icra etməlidir. O da Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, Türkiyə sərhədlərinin açılmasından, bütün yolların bərpa edilməsindən keçir ki, bu da elə ən çox Ermənistanın özünə lazımdır. Düşünürük ki, Ermənistan bu rasional siyasətin icra olunması üçün əməli addımlar atmalıdır"
Çiçək Sadatova