“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev QHT.az-a verdiyi özəl açıqlamada Qazax rayonunun idman sahəsindəki uğurlarını vurğulayıb. O bildirib ki, Qazaxda istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növlərində yüksək nailiyyətlər əldə edilir. 2024-cü ildə Qazax qol güləşi komandası Avropa və dünya çempionatlarından doqquz medal qazanıb. Bu uğurlar arasında Mustafayev İsmayılın 2024-cü ilin ən güclü qol güləşçisi seçilməsi xüsusi qeyd olunub.
QHT.az xəbər verir ki, QHT sədri bildirib ki, “Qazax rayonunun 2026-cı il üçün idman paytaxtı seçilməsi təsadüfi deyil. Bu, burada idmanın və pəhlivanlıq ənənələrinin yüksək səviyyədə inkişafının nəticəsidir. 2026-cı ildə böyük idman yarışları və turnirlər Qazax rayonunda keçiriləcək.”
Sonda o, bütün idmançıları və məşqçiləri təbrik edərək, idman federasiyalarını 2026-cı ildə Qazaxda ən azı bir yarış keçirməyə dəvət edib. “Bu, idmançıların dünya və Avropa çempionu kimi yetişməsində böyük rol oynayacaq və Qazaxın idman sahəsindəki nüfuzunu daha da artıracaq,” – deyə Azər Əliyev vurğulayıb.
Qazaxın “İdman Paytaxtı” elan edilməsi rayonun idman həyatında yeni bir mərhələ açır və Azərbaycanın idman uğurlarına əlavə töhfə verir.
Pərvanə Fərhadqızı